Bakı, AzerVoice
Qəzza zolağının şimalında didərgin düşmüş mülki şəxslərin sığındığı məktəbə dünən İsrail ordusunun təşkil etdiyi hücumda 11 fələstinli həyatını itirib.
AzerVoice xəbər verir ki, Qəzza zolağının Mülki Müdafiə İdarəsi öz Telegram səhifəsində verdiyi açıqlamada İsrail ordusunun Qəzzada Səfad məktəbinə hücumu nəticəsində 11 fələstinlinin həyatını itirdiyini, onlarla insanın isə yaralandığını bildirib.
Xəstəxana mənbələrindən alınan məlumata görə, İsrail ordusu Qəzza şəhərinin şərqindəki Zeytun rayonunda yüzlərlə məcburi köçkün fələstinlinin sığındığı Safad məktəbinə hücum edib.
Ölən 11 nəfərin cəsədi və o cümlədən çoxlu yaralı uşaqlar Əl-Əhli Baptist Xəstəxanasına aparılıb.
Yerli mənbələr İsrailin hücumu nəticəsində yüzlərlə fələstinlinin sığındığı Səfad məktəbində bir binanın ciddi şəkildə zədələndiyini bildirib.
Qəzza Mülki Müdafiə İdarəsi İsrailin ikinci dəfə bombalamaqla hədələməsindən sonra Safad məktəbinin boşaldıldığını açıqlayıb.
Hadisə şahidləri bombardmanın şiddətindən insanların havaya atıldığını və cəsədlərin parça-parça olduğunu bildiriblər.
Qeyd edək ki, İsrail ordusunun bir neçə gündür qurudan və havadan davam edən hücumları nəticəsində Zeytun bölgəsinə böyük ziyan dəydiyi bildirilir.