Bakı, AzerVoice
Qəzzada poliomielit peyvəndi kampaniyasının başlaması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus "bölgədə uşaqlar üçün ən yaxşı peyvəndin sülhü təmin etmək olacağını" bildirib.
AzerVoice xəbər verir ki, Ghebreyesus, X sosial media platformasında Qəzzada başlayan poliomielit peyvəndi kampaniyası haqqında paylaşım edib.
Qəzzalı uşaqların bu gün çox ehtiyac duyduqları poliomielit peyvəndini almağa başladığını ifadə edən Qebreyesus, "Əslində, bu uşaqlar üçün ən yaxşı peyvənd sülhün təmin edilməsidir" deyib.
ÜST, Fələstin Səhiyyə Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi (UNWRA) ilə əməkdaşlığı nəticəsində Qəzza zolağında, 10 yaşdan kiçik 640 mindən çox uşağı əhatə edən poliomielit peyvəndi kampaniyası başlayıb.
ÜST Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Belahda peyvənd kampaniyasının sentyabrın 4-dək davam edəcəyini açıqlamışdı.
Qeyd edək ki, İsrailin hücumlarının davam etdiyi Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində 10 yaşından kiçik uşaqlar üçün poliomielit peyvəndi kampaniyası iki gün öncə axşam saatlarında başlayıb.
ÜST-nin işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Richard Peeperkorn poliomielit peyvəndi kampaniyasının "iki mərhələli" olacağını bildirmişdi.
Onu da xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyi avqustun 16-da Qəzza zolağında ilk poliomielit hadisəsinin aşkar edildiyini elan etmişdi.