BAKI,AzerVoice
Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addım atılıb. İki ölkə arasında Pakistana investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Nazir bildirib ki, Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Pakistan ərazisinə investisiya yatırımına dair razılaşma əldə olunub.
"Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə imzaladığımız sənəd, ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da möhkəmləndirilməsi barədə verdikləri tapşırıqların həyata keçirilməsinə ciddi töhfə verəcək", – deyə Mikayıl Cabbarov qeyd edib.
Bu memorandum Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir və qarşılıqlı sərmayə axınının stimullaşdırılmasına xidmət edəcək.