BAKI, AzerVoice
İlon Mask X sosial şəbəkəsində keçirdiyi sorğunun nəticələrinə əsaslanaraq "Amerika" adlı siyasi partiya yaratdığını elan edib.
AzerVoice xəbər verir ki, bu barədə Maskın verdiyi açıqlamada deyilir.
“Səslərin 2-yə 1 üstünlüyü ilə siz yeni siyasi partiya əldə etdiniz. Ölkəmiz artıq xərclər və rüşvət səbəbindən müflis vəziyyətə salınır, bu halda biz demokratiyada yox, birpartiyalı sistemdə yaşayırıq. Bu gün ‘Amerika’ partiyası quruldu ki, sizə azadlığınızı geri qaytarsın” – deyə, Mask bildirib.
Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi partiyanın yaradılmasının lehinə olub.
Mask, dünyanın ən varlı adamı olmaqla yanaşı, yaxın vaxta qədər ABŞ hökumətində dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üzrə departamentin (DOGE) koordinatoru olub və xüsusi statusla, ictimai əsaslarla fəaliyyət göstərən dövlət qulluqçusu sayılıb.
Lakin Maskla Tramp arasında arxa planda münasibətlər pozulmağa başlayıb. Bu gərginliyə səbəb kimi sahibkarın biznes maraqları da göstərilir.