Əsas səhifə » Millətin Uğuru

Millətin Uğuru

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Millətin həqiqi uğuru, ilk növbədə onun şüurunun və seçimlərinin əqli və mənəvi əsaslara söykənməsindədir. Əgər bir millətin seçimləri yalnız media trendləri, ehtiraslar, şəhvət və şou mədəniyyəti üzərində qurulubsa, o millət zahirdə uğurlu görünə bilər. Lakin bu, gerçək uğur deyil. Çünki belə bir millət daxildən boşalır, ruhunu itirir.

Millətin oxuduğu ədəbiyyat, sevdiyi musiqi, danışdığı sözlər, izlədiyi nümunələr insanı kamilləşdirən, vicdanı oyadan, ali dəyərləri yaşadan olmalıdır. Əgər bunlar yoxdursa, o millət yalnız zahiri parıltılarla, sadəcə görünüşdə bir birlik olaraq qalacaq, lakin mənəvi əsasdan məhrum olacaqdır.

Burada dövlətin uğurundan deyil, millətin uğurundan bəhs edirəm. Çünki dövlət sadəcə bir vasitədir – bir idarə forması. Məqsəd isə millətin öz kimliyini qoruyaraq gələcəyə daşımasıdır. Tarix boyu millətlər müxtəlif dövlət şəkillərində mövcud olublar. Bəzən dəyişiblər, bəzən dəyişməyiblər. Amma hər zaman əsas olan millətin özü olub.

Əgər bir millət dəyər sahibidirsə – əxlaq, şüur və kimlik daşıyırsa – Allahın izni ilə tarix boyu varlığını davam etdirəcəkdir. Gəlin Türkiyəli qardaşlarımızı nümunə götürək: Böyük Türk Xaqanlığı, Səlcuqlular, Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyəti – bütün bu mərhələlərdə türklər vardı, kimlikləri ilə, dəyərləri ilə. Eyni şeyi ingilislər, ruslar üçün də demək olar.

Əslində biz də öz tariximizlə bu şəkildə bağ qura bilərik: Səlcuqlularla, Atabəylərlə, Qaraqoyunlu və Ağqoyunlularla, Səfəvilərlə, Əfşar və Qacarlarla. Bu, mümkündür. Amma bunun üçün efirlərdə, sosial mediada “azzz yaxşı” deyə qışqıran və özünü kişi kimi təqdim edən, lakin əxlaqdan uzaq şəxsləri ictimai nümunəyə çevirməməliyik.

Millətin uğuru – onun mənəviyyatında, düşüncə tərzində, oxuduğu və izlətdiyi obrazlarda gizlidir. Dəyərləri olan millət, dövlətlər dəyişsə belə, özü olaraq qalacaqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice