Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun qadınlar haqqındakı fikirləri bir neçə gündür ki sosial media platformalarında ciddi müzakirələrə səbəb olur.
İTV-də yayımlanan “Persona” verilişində qonaq olan qrossmeyster qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib.
O, “bacılarınızla rəqabətə çox gedirdiniz?” sualına belə cavab verib: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.
Məşhur şahmatçı fikirlərini daha sonra belə davam etdirib:
“Ağırlıq qaldırmada çempion olan bir qadının nəticəsini dünyada ilk 100-lüyə düşməyən kişi belə rahatlıqla göstərə bilər. Ağıl məsələsində də bu belədir. Şahmat ağıl oyunudur, qadınların yeganə şansı bu idman növündədir, çünki güc tələb olunmur, amma burada da 100 ən yaxşı arasında qadın yoxdur. Mənim ailəmdə də iki bacım şahmatçıdır, illərdir çalışmışıq, oynayıblar, amma təəssüflər olsun ki, rəqabət yoxdur. ..Bunun nədən irəli gəldiyini isə söyləmək istəmirəm. Çünki mən çalışıram ki, qadınların da hörmətini, sevgisini qazanım. Belə şeylərə cavab verməkdən qaçıram".
Qeyd edək ki, qrossmeysterin bacısı Zeynəb Məmmədyarova da qardaşı ilə razılaşdığını bildirib. O qeyd edib ki, istənilən sahədə güclü kişilər güclü qadınlardan daha çoxdur:
“Mən Şəhriyarın fikirləri ilə razıyam. Hər insanın düşüncəsi, fikri, məqsədi fərqlidir və ümumi deyilən sözü hər kəs başqa cür yozur. Sadəcə Şəhriyar o fikirləri elə deyə bilərdi ki, xanımlarımız inciməsinlər. Düşünürəm ki, kişilərin uğurlarının arxasında xarakteri güclü olan qadınlar dayanır. Əgər kişinin fikrini tamamlayan qadınlar olmasa, onlar da ideal nəticələr göstərə bilməzlər."
O atası üzərindən örnək verdikdən sonra qadınlarla kişilər arasındakı fərqi belə izah edib:
“Kişilər bir istiqamətə tam köklənə bilirlər. İdeologiyalarını həyata keçirmək üçün diqqətlərini cəmləyən varlıqdırlar. Kişiləri bu zaman nə uşaqları, nə həyat yoldaşları narahat edə bilər. Amma qadın bir iş görəndə fikrini tam ona cəmləyə bilmir. Versə də, hər şeyi yenə düşünür. Uşağı düşünür, ailəni düşünür. Ana övladını unuda bilməz, məişət problemlərini unuda bilməz. Qadının fikri tam bir şeyə cəmlənə bilmir. Əvvəlcə bunu qəbul etmək lazımdır. Allah qadını başqa, kişini başqa cür yaradıb. Qadının beynində müxtəlif düşüncələr olur. Çünki onlar daha çox şey düşünür və istəyir, daha tez başa gəlməsi üçün çalışır. Kişilər isə işinə köklənir."
Qeyd edək ki, bu mövzu ətrafında virtual məkanda müzakirələr hələ də davam edir. Fərqli ictimai fiqurlar bu məsələ haqqında öz fikirlərini ortaya qoyurlar. Onlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovdur. Onun fikirlərini olduğu kimi burada qeyd edirik:
- Qadın və kişi: fərqliliyin (həm də güclü olmağın) üstünlük, yaxud naqislik kimi başa düşülməsi haqqında
Qərb mədəniyyətinin öz dominantlığını bütün dünyaya qəbul etdirmək istəyinin fonunda yeni meyarlar, paradiqmalar, nöqteyi-nəzər və yanaşma formaları meydana çıxmışdır. XXI əsrdə bəşəriyyətin sosial-mədəni sahədə üz-üzə qaldığı ən təhlükəli təhdidlərə həm də (radikal) feminizm və yeni gender kimliyi məsələsi daxildir. Radikal feminizm: a) qadını kişiyə qarşı qoyur; b) kişiləri düşmən sibyekt halına gətirir; c) qadın-kişi münasibətlərində xoşbəxtliyi təmin edən ənənəvi paradiqmalarla barışmır, real olmayan və qadın zərər verən şüarlar səsləndirir; ç) qadınların əzildiyi (!) dünyanı yıxıb qadınların lider olacağı dünya qurmağa çağırış edir; d) qadınların bioloji və psixoloji özünəməxsusluğunu zəiflik kimi göstərərək, bioloji və psixoloji cəhətdən kişilərdən üstün olan “fövqəlqadın” obrazı və modeli yaratmaq üçün bütün imkanlarını səfərbər edir... Əlbəttə ki, belə antaqonist münasibət problemi həll edə bilməz; əvvəla, ona görə ki, bu münasibət radikal, repressiv və zorakıdır, bir problemi həll edərkən başqa bir problemin yaranmasına səbəb olur; digər tərəfdən, qadın-kişi münasibətlərindəki status-kvo heç də radikal feminizmin iddia etdiyi kimi tərəflərdən birinin ağalığı, digərinin isə köləliyini ifadə etmir. Bu, təbii fərqlilikdə ifadə olunan ierarxiyadır...
Kişilər və qadınların fərqli olmağı, fərqli olmağın üstünlük ifadə edib etməməsinə dair mülahizQadın və kişi: fərqliliyin (həm də güclü olmağın) üstünlük, yaxud naqislik kimi başa düşülməsi haqqındaələrimizi aşağıda bəndlər şəklində qeyd edirik:
1) Kişi və qadın eyni deyildir, çünki söhbət eyni varlıq kateqoriyasına (insan) aid fərqli formalardan: kişi və qadından gedir. Kişi kişidir, qadın da – qadın! Ontoloji status-kvo – kişi və qadın olmaq sosial (sonradan qazanılan, ictimai münasibətlər zəmimində sormalaşan) hadisə deyildir; anadangəlmə (fitri) bioloji haldır.
2) Kişi və qadın fiziki və psixoloji, həm də intelektual sarıdan fərqlidirlər. Çünki ontoloji olaraq eyni deyildirlər və bir-birlərindən fərqlənmələri təbii qanunauyğunluğun nəticəsidir. Fərqlilik heç də həmişə ziddiyyət, yaxud üstünlük və ya naqislik mənasına gəlmir; eyni olmayan növlərin, formaların, kateqoriya və yarımkateqoriyaların arasındakı fərqlilik mozaikanı tamamlamaq üçün lazımdır. Ay və Yer hər nə qədər göy cismi sayılsa da, eyni deyildir və heç bir elmi ədəbiyyatda bu fərqlilik ziddiyyət (həm də üstünlük, yaxud zəiflik) kimi göstərilmir. Eyni kateqoriyaya daxil fərqli yarımqruplara dair misalların sayını çoxaltmaq mümkündür.
Qeyd edək ki, insan oğlunun yer üzündəki mövcudluğunu təkamülcəsinə izah edən materialist nöqteyi-nəzər kişi-qadın fərqliliyinə düzgün qiymət verə bilmir, çünki öz-özünə yaranma konsepsiyası teleoloji aspektdən məhrumdur, odur ki müasir elm “insan nə üçün mövcuddur” problemi ilə məşğul olmur; əgər bir şeyin mövcud olmağına təsadüfün nəticəsi kimi baxırıqsa, orada qayə, məqsəd axtarmaq mənasızdır; əksinə, təkamülçü nöqteyi-nəzər belə fərqləri çox vaxt ziddiyyət kimi təqdim edir, tərəfləri rəqabətə səsləyir. Amma insan növünün Yer adlanan planetdə mövcudluğuna ilahi kreasionizmin (xəlqetmə) nəticəsi kimi baxdıqda məlum olur ki, bu iki varlıq forması (növü deyil!) bir-biri üçün yaradılıb. Fərqli olanın mövcud olanın diqqətini çəkməsi qanunauyğunluğu nəzərə alınarsa, onda kişi və qadınların fərqli olması lazım idi. Fərqliliklər bunun üçün mövcuddur! Biz ziddiyyətlərin mövcudluğundan danışmırıq, çünki ziddiyyətlər varlıq probleminə materialistcəsinə baxışın meydana çıxardığı termindir! Deməli, kişi – qadın, qadın da kişi üçün vardır! Yəni, Allah qadını yaradarkən kişinin, kişini də yaradarkən qadının zövqünü nəzər alıb. Normal kişiyə qadın, normal qadına da kişi lazımdır. Kişinin qadından xoşu gəlməsi üçün qadının qadın, qadının da kişidən xoşu gəlməsi üçün kişinin kişi qalması lazımdır. Qadını həm ontoloji olaraq qadın edən, həm də kişinin xoşuna gəlməsinə səbəb olan fərqli xüsusiyyətləri (fiziki zəriflik, zərif davranmaq, zərif danışmaq...) vardır. Eyni sözü kişi üçün də demək mümkündür... Kişi adlanan qaba formanı zəif forma, qadın adlanan zərif formanı da qaba forma cəlb edir, çünki insan özündə olmayana həmişə maraq göstərir, onunla bütünləşdikdə tamamlandığını hiss edir.
3) Madam ki kişi və qadın fərqlidir, deməli, eyni deyildirlər. Eyni olmadıqları üçün bu fakt onların hüquq və vəzifələri təsis edilərkən nəzərə alınmalıdır. Tarixən kişi və qadınların ailədə, cəmiyyətdə, dövlət quruculuğunda... yeri müəyyən edilərkən bu fərqlilik əsas götürülüb, yaxud tərəflər bu fərqliliyə görə hərəkət ediblər. Oxşar bacarıq və imkan tələb edən sahələrdə qadın və kişilərin hüquq və vəzifələri eyni olmuş, fərqli bacarıq və xarakteri zəruri edən məsələlərdə isə hüquq və vəzifələr fərqləndirilmişdir. Əksini iddia etmək qeyri-real iddia olardı... Elə spesifik sahələr vardır ki, orada qadınlar söz sahibidir. Təhlükəli olan budur ki, belə sahələrin həcminin süni şəkildə böyüdən nöqteyi-nəzər dominantlıq etməyə başlayıb.
4) “Qadın kişidən üstündür” kimi səslənən feminist tezisin qadına qazandırdığı süni status-kvo (status) ailələrin dağılmasına, kişilərin xoşuna gəlməyən eqoist, özündənrazı, “quru” və “soyuq” – maskulinizasiya olunmuş qadın şəxsiyyət tipinin meydana çıxmasına səbəb olub. Kişinin xoşuna gəlməsi və kişi ilə bütünləşməsi üçün qadın olduğu kimi – qadın qalmalıdır. Torpaqla birləşib çiçək bitirməsi üçün suyun su olaraq qalması lazımdır. “Bizə kişilərdən nə!” kimi səslənən feminist iddia kişilərlə dürüst və namuslu birgəliyin qadın psixikasına bəxş etdiyi rahatlığı nəzər almır. Bu səbəbdən evlənmək və ailə qurmağı, namuslu bir kişi ilə ömrünü keçirməyi ikinci plana atan qadınlar həyatın müəyyən mərhələlərində psixoloji gərginlik, boşluq və təklik kimi problemlərlə üz-üzə qalırlar.
Ailələrə gəlincə, ailə bir sistemdir, sistemin işləməsi üçün idarəedici – istinad element lazımdır; ailədə qadının özünü öz ontoloji kimliyinə zidd olaraq idarəedici tərəf kimi aparması kişinin xoşuna gəlmir; radikal feminizm sistemin əhəmiyyətini başa düşmədiyi üçün ailə institutunun tələblərindən irəli gələn öhdəliklərlə barışmayan, bununla da ailənin dağılmasında rol oynayan qadınların meydana çıxmasına “xeyir-dua” verir.
5) Qadınlar modern dövrdə olduğu qədər heç vaxt bu qədər tək və gərgin olmayıblar. Çünki mədəni qloballaşma – vesternizasiya ilə təmsil olunan modernizmin əsas şüarı azadlıq və fərdi özünütəsdiqdir. Nəticədə azad (əslində, sərbəst!), amma tənha insanlar çoxalıb. Qadın sözlü ünsiyyətə üstünlük verən, hisslərini bölüşməyi sevən tərəfdir. Qadınların bu cür psixoloji ehtiyacını sərf-nəzər edən yeni yanaşma formaları onlara səhv istiqamət göstərməklə karyera arxasınca qaçan, ailə qurmağı ikinci plana atan qadınların sayını artırıb. Bunu etməklə qadın öz fitrətinə əks getdiyinin fərqində deyildi. Bununla da, böyük şəhərlərdə (elə bizim Bakıda) “mən güclüyəm”, “nənim üçün əsas karyeradır” şüarlarının cazibəsinə aldanıb özlərini “kişi və qadınların davamlı və sabit birgəliyi”ni simvolizə edən ailə həyatından məhrum edən, tənhalaşan, tək yaşayan qadınlara tez-tez rast gəlinir. Karyera, vəzifə, pul, maşın, mənzil var, amma ailə yoxdur…
6) Modernizm qadın və kişini bir-birinə rəqib hala gətirmişdir. Modernist mədəniyyətdə qadın və kişilər antoqonist tərəflərdir; bizim mədəniyyətimizdə isə qadın və kişi bir-birinin rəqibi deyildir, əksinə, bir-birini tamamlayan tərəflərdir. Fikir verirsinizmi: “qadın kişidən güclüdür”; “ailədə kişi hegemonluğuna son” qəbilindən olan tezislər Şərq mədəniyyətinin məhsulu olmaylb, modernizm çayının mənbəyindən – Qərbdən gəlmədir. Bizdə bu tezislərə kənardan maliyyələşən subyektlər pionerlik edir.
7) Bu gün trend halına gələn “Qadın kişidən güclüdür”, “Qadın hər şeyə qadirdir” kimi pafoslu yanaşmaların banisi sayılan modern Qərbdə qadına münasibət meyarları Şərq meyarlarından fərqlənir. Belə ki bizdə qadının dəyəri, kimliyi qadınlığı, xanım-xatunluğu (dişiliyi deyil!), əxlaqi-mənəvi nəcibliyi, ailəcanlılığı, ana olmağı... ilə ölçülür. Modernizm isə qadının görünüşü və cazibədarlığını ön plana çıxarır. Qadına görünüşünə görə dəyər verən cəmiyyətlərdə, qadın ailə qurmaq, ana olmaq yerinə, daha çox onu gündəmdə saxlayan məşğuliyyətlərə üstünlük verir; belə cəmiyyətlərdə qadının, məsələn, 40 yaşına çatması kabus deməkdir, çünki bu yaşda diqqət mərkəzində ola bilmək çətinləşir. Deməli, bu gün qadın-kişi münasibətlərindəki ənənəvi statuş-kvonu aradan qaldırmağa çalışan modernizm gənc ikən cazibədarlığı və görünüşü ilə “gündəmdə olan”, yaş keçdikcə tərk olunan, tənha qalan qadın modeli yaratmışdır. Unutmayaq ki, qadını qadın edən onun kimliyidir, zərifliyidir, sevimli, romantik, şəfqətli olmağıdır, analığı və ailəcanlılığıdır. Təəssüf ki, bütün bunları qadının həyatında ikinci plana atmaq istəyən radikal feminist nöqteyi-nəzər son on illiklərdə öz sözünü deyir...
Qadın qadınlığını, xanım-xatınlığını qoruyub-saxladıqda mənəvi-əxlaqi üstünlük, imtiyaz qazanır və mənəvi liderə çevrilir…
8 ) Liderlik kişiyə xasdır, çünki lider olmaq üçün bir neçə xüsusiyyətə eyni vaxtda sahib olmaq lazımdır. Təkcə fiziki cəhətdən güclü olan deyil, həm də bütün situasiyalarda düzgün qərar qəbul edən tərəf lider olmağa layiqidir. Əgər qadın ailədə, cəmiyyətdə lider olmaq istəyirsə, onda hər situasiyaya hazır olmalıdır ki, bu da mümkün deyildir; ən azında ona görə ki, qadının qadın (bioloji-psixoloji mahiyyəti) kimliyi buna imkan vermir. Elə sahələr və işlər vardır ki, qadın biologiyası və psixikası həmin sahələrdə və situasiyalarda öndə olmaq üçün işə yaramır; əks halda, qadın fiziki və psixoloji travmalara məruz qala bilər. Deməli, hansı isə qurumun lideri olmaq iddiası ilə o tərəf çıxış edə bilər ki, istənilən situasiya və konyunkturada idarə etməyi və tənzimləməyi, problemləri həll etməyi bacarsın.
9) Xoşbəxt olmaq üçün kişi və qadın bir-birini tamamlamalıdır. Kişinin kişi, qadının da qadın kimi öz vəzifəsini yerinə yetirdiyi ailə qurumu hər iki tərəfə davamlı xoşbəxtlik gətirən müqəddəs yerdir... Ailədə ailə başçısının (sözün həqiqi mənasında, başçısının, despotun deyil!) yanında olmaq asılılıq deyildir, bağlılıqdır, sədaqətdir. Xoşbəxtliyi uzaqda axtarmayaq, o çox yaxındadır, sadəcə, özümüz olaraq qalmalı, Allahın qoyduğu sərhədləri aşmamalıyıq...