Bakı. AzerPress:
Türkiyə Xarici İşlər Nazirliyi Qəzzada dinc əhaliyə qarşı hücumlarını davam etdirən İsrailin işğal etdiyi Fələstin ərazilərində qeyri-qanuni yaşayış məskənlərini genişləndirməsini pisləyib.
AzerPress xəbər verir ki, bu barədə Türkiyə XİN-in yazılı açıqlamasında qeyd edilib.
"İsrailin Şərqi Qüdsdə 186 hektar ərazidə təxminən 1800 yaşayış binası tikmək planını təsdiqləməsi tamamilə qəbuledilməzdir. Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində İsrail təhlükəsizlik qüvvələrinin və məskunlaşanların fələstinlilərə qarşı həyata keçirdiyi terror və zorakılıq İsrailin Fələstin xalqını və dövlətini qorxutmaq və gözdən salmaq strategiyasının konkret göstəriciləridir", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 16 min 248 nəfərə çatıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.