BAKI,AzerVoice
Almaniyada keçirilən seçkilərdə mühafizəkar CDU/CSU partiyası
28,6% səslə qalib gəlib.Frederix Merz 28,6 faiz səslə qalib
gəldikdən sonra koalisiyaya rəhbərlik etməyə hazırlaşır. Merz,
20.8% səs toplayaraq ikinci olan ifrat sağçı Almaniya üçün
Alternativ (AfD) partiyası ilə əməkdaşlığı rədd edib.
Ehtimal edilir ki, o vəzifədən gedən kansler Olaf Şoltsun Sosial
Demokratları ilə ittifaq quracaq.
Fridrix Merz və keçmiş kansler Angela Merkel uzun illər rəqib olublar. 2000-ci illərin əvvəlində Merkel CDU-ya rəhbərlik edəndə, Merzi parlamentdəki liderlik vəzifəsindən kənarlaşdırmışdı. Merkel Merzi heç vaxt nazir təyin etməyib. 2009-cu ildə siyasətdən uzaqlaşan Merz özəl sektorda – hüquqşünas və şirkət idarə heyətinin üzvü kimi fəaliyyət göstərməyə başlayıb. Merkelin CDU-nu mərkəzə yaxınlaşdırması Merz tərəfindən tənqid olunub, çünki bu, AfD-yə siyasi boşluq yaratmışdı. 2022-ci ildə partiya lideri olanda Merz CDU-nun proqramını daha mühafizəkar istiqamətdə dəyişməyə başladı.
İqtisadi liberaldır
Merz Merkelin kanslerliyinin son illərində ondan fərqli iqtisadi baxışlara sahib idi. 2003-cü ildə o, Almaniyanın vergi sisteminin radikal sadələşdirilməsini təklif etmişdi. Partiyasının 2025-ci il manifestində iqtisadi artımı stimullaşdırmaq üçün tənzimləmə azaldılması və vergi endirimləri vurğulanırdı. Merz, işdən imtina edənlərin sosial təminatdan məhrum edilməsini dəstəkləyir. 2024-cü ildə isə Avropa İttifaqının ortaq borc götürməsinə qarşı olduğunu bildirmişdi.
Sosial mühafizəkar baxışlara sahibdir
Cavanlıqda katolik gənclər hərəkatında iştirak edən Merz aborta qarşı səs verib. Berlində açıq homoseksual olan mer Klaus Vovereyt haqqında "Mənə toxunmasa, problem yoxdur" deməsi tənqidə səbəb olub. Qadınlara qarşı münasibətdə isə “arvadım və qızlarım var, deməli problemim yoxdur” kimi anlaşılmaz ifadələr işlədib. 2000-ci ildə “Alman Leitkulturu” (aparıcı mədəniyyət) anlayışını müdafiə edib və multikulturalizmə qarşı çıxıb.
Transatlantik tərəfdardır
2009-2019-cu illərdə Merz Almaniya-ABŞ münasibətlərini gücləndirməyə yönəlmiş "Atlantik Körpü" təşkilatına rəhbərlik edib. Donald Trampın prezident seçilməsini əl yazısı ilə təbrik edib. Lakin son bəyanatlarında ABŞ-dan müstəqilliyin vacibliyini vurğulayıb və Trampın Avropaya biganə olduğunu qeyd edib.
Avropa İttifaqının tərəfdarıdır
Ortaq borc və miqrasiya məsələlərində bəzi istisnalarla Merz Avropa İttifaqının gücləndirilməsinin tərəfdarıdır. 1989-1994-cü illərdə Avropa Parlamentinin üzvü olub. Ursula fon der Lyayen və Avropa Xalq Partiyasının lideri Manfred Veberlə münasibətləri düzəldib. O, Varşava və Parisə səfər edərək Almaniyanın Avropa liderliyini bərpa etməyi planlaşdırır.
İfrat sağla münasibətləri mübahisəlidir
Merzin AfD ilə münasibətləri dəyişkəndir. 2023-cü ildə yerli səviyyədə əməkdaşlıq barədə düşündüyünü bildirsə də, sonra mövqeyini dəyişdi. Lakin 2025-ci ilin yanvarında sərt miqrasiya planını AfD-nin dəstəyi ilə irəli sürməsi ölkədə səs-küyə səbəb oldu. Merkel bu addımı tənqid etsə də, Merzbuna əhəmiyyət vermədi.
Koalisiya siyasəti ilə məhdudlaşacaq
Merz hökumət qurmaq üçün bir neçə partiya ilə razılığa gəlməlidir. Bu, vergi endirimi planlarını çətinləşdirəcək. Çünki potensial tərəfdaşlar sosial təminat və iqlim xərclərinin azaldılmasına qarşıdır. Müdafiə xərclərinin artırılması zərurəti ilə daha çox təzyiq altında olacaq.
Tibetə getmək arzusu var
Merzin hobbiləri haqqında az məlumat olsa da, klassik musiqini və xüsusilə Bethovenin əsərlərini sevdiyi bilinir. Bir gün Tibetə səyahət etmək istədiyini deyib. Lakin hazırda onun diqqət mərkəzində Avropada Almaniyanın lider rolunu bərpa etmək dayanır. Trampın Avropanın təhlükəsizliyindən uzaqlaşdığı bir vaxtda, Merz Almaniyanın və Avropa müttəfiqlərinin daha fəal mövqe tutmasını istəyir.