BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Livan mediasının yazdığına görə, son günlər Hizbullah deputatları ard-arda parlament sədrinin mövqeyinə toxunulmasının yolverilməz olduğu barədə xəbərdarlıqlar edirlər. Siyasi müşahidəçilər bunu partiyanın ölkə daxilində və xaricdən artan təzyiqləri zəiflətmək, xüsusilə silahların sökülməsi və maliyyə mənbələrinin bağlanması tələblərindən yayınmaq cəhdi kimi qiymətləndirirlər.
Hizbullah, bəzi siyasi blokların parlament iclaslarında iştirakdan imtinasını, “şiə təmsilçiliyinə zərbə” kimi təqdim etməyə çalışır. Lakin iclasları boykot edən deputatlar bunun əksini bildirir və qərarlarının məqsədinin konstitusiyanın tələblərinə uyğun prosesi bərpa etmək olduğunu deyirlər.
İclasları uzun müddətdir boykot edən qüvvələrə Livan Qüvvələri Partiyası, Kətaib Partiyası və bir sıra “dəyəşiklikçilər” daxildir. Onlar Parlament sədri Nəbih Bərrinin seçki qanununa dəyişiklik layihəsini gündəliyə salmasını tələb edirlər. Bərrinin isə bunu rədd etməsi və “münasib zaman deyil” arqumenti siyasi dairələrdə qeyri-inandırıcı sayılır. Boykotçuların fikrincə, Bərrinin real narahatlığı parlament seçkilərində şiə cütlüyünün - Hizbullah və Amal Hərəkatının - mövqelərinin zəifləməsi ehtimalıdır.
Təklif edilən dəyişiklik əsasən xaricdə yaşayan livanlıların səsverməsinə aiddir. Hazırkı qanuna görə, diaspora seçiciləri yalnız altı yer üzrə səsvermə hüququna malikdir. Lakin suveren qüvvələr xaricdə yaşayan livanlıların bütün parlament yerləri üçün səsverməsinə icazə verilməsini tələb edir. Hizbullah, Amal və “Azad Vətənpərvər Hərəkatı” isə buna qarşı çıxır. Səbəb kimi də əvvəlki seçkilərdə diasporanın çoxluqla suveren düşərgəyə dəstək verməsi göstərilir.
Mövcud vəziyyət fonunda boykotçu deputatlar qərarlarının dəyişməyəcəyini bildirir və Bərrinin mövqeyini yeniləməyənə qədər parlament işində iştirak etməyəcəklərini vurğulayırlar. Bunun cavabında Hizbullah ictimai ritorikanı kəskinləşdirir və “parlament sədrliyinin hədəf alındığını”, bunun isə şiə komponentinə təzyiq kimi təqdim edilir.
Partiyanın deputatı, “Müqavimətə sədaqət” blokunun üzvü İhab Hammada çıxışında bildirib ki, parlament sədrinin səlahiyyətlərinə toxunmaq “bütün Livana zərbədir”. Onun sözlərinə görə, konstitusiyanın müəyyən etdiyi bu səlahiyyətlərə heç kim toxuna bilməz.
“Parlament sədrinə hücum həm dövlətin dayaqlarını sarsıdır, həm də ölkənin təhlükəsizliyinə ziddir.”-deyə o bildirib.
Hammadanın sözlərinə görə, Rəyasət kürsüsünün hədəf alınması Livanın əsas dayaqlarının zəiflədilməsinə yönəlmiş xarici planın tərkib hissəsidir. O, Bərrinin həm parlament sədrini, həm də şiə cütlüyünün siyasi xəttini təmsil etdiyini bildirib.
Livanın siyasi sistemində rəhbər postlar məzhəb bölgüsü üzrə bölüşdürülür: prezident və ordunun komandanlığı maronit xristianlara, parlament sədri şiələrə, baş nazirlik isə sünnilərə məxsusdur.
Siyasi müşahidəçilər xəbərdarlıq edirlər ki, Hizbullah deputatlarının son açıqlamaları təhlükəlidir və cəmiyyətdə məzhəbi gərginliyi artırmağa yönəlib. Ekspertlərə görə, bu ritorika yalnız siyasi prosesləri çətinləşdirmir, həm də ölkə daxilində etimadı daha da zəiflədir.
Hizbullahın deputatı Həsən Fəzlullah da mövcud vəziyyəti “həssas və təhlükəli” adlandıraraq bildirib ki,
“Heç kimin ölkədaxili balansı pozmağa haqqı yoxdur. Bəziləri xarici layihələrə uyğun şəkildə ölkənin güc nöqtələrini hədəf alır. Amma heç kim müqavimətin arxasında dayanan cəmiyyəti təcrid edə bilməz.”
Onun sözlərinə görə, Hizbullah yalnız şiələrin deyil, Livanın bütün bölgələrində dayaq qazanmış “müqavimət mühiti”ni təmsil edir və bu cəmiyyətin təcrid edilməsi mümkün deyil.