BAKI,AzerVoice, Fərid Mikayılov
Portuqaliya millisinin baş məşqçi postuna 2026-cı il Dünya Kubokundan sonra Joze Mourinyonun namizəd göstəriləcəyi gözlənilir.
AzerVoice xəbər verir ki, mediada yayılan məlumatlara görə, Portuqaliya Futbol Federasiyası ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 Dünya Kubokunun ardından hazırkı baş məşqçi Roberto Martinesin müqaviləsinin başa çatması fonunda bu posta Joze Mourinyonu dəvət etməyi planlaşdırır.
Bildirilir ki, Mourinyo ötən ilin sentyabrında Benfika klubu ilə iki illik müqavilə imzalayaraq komandanın başına keçib. Lakin ESPN-in məlumatına əsasən, federasiya 63 yaşlı mütəxəssisi milli komandaya cəlb etmək üçün turnirdən sonra rəsmi addım ata bilər.
Mourinyonun mümkün gedişi halında Benfika üçün əsas namizəd kimi sabiq futbolçu və məşqçi Ruben Amorimin adı çəkilir. O, futbolçu karyerası ərzində doqquz il Benfikanın formasını geyinib və Portuqaliyada nüfuzlu məşqçi kimi tanınır.
Joze Mourinyo daha əvvəl də milli komanda ilə işləmək arzusunu açıq şəkildə ifadə edib. O, beynəlxalq turnirdə bir ölkəni təmsil etməyin və komandanı bir bayraq altında birləşdirməyin onun üçün xüsusi hədəf olduğunu bildirib.
Hazırda Benfika ilə qeyri-sabit nəticələr əldə edən Mourinyo buna baxmayaraq, UEFA Çempionlar Liqasında diqqətçəkən uğura imza atıb. Komanda pley-off mərhələsinə yüksəlmək uğrunda həlledici oyunda Real Madrid üzərində qələbə qazanaraq mərhələ adlayıb.
Qeyd edək ki, Mourinyo ilə Real Madrid arasında mümkün yenidən əməkdaşlıq barədə iddialar da səsləndirilsə də, təcrübəli mütəxəssis bu ehtimalları təkzib edib.