Əsas səhifə » İsrail–İran müharibəsinınəsl mahiyyəti: Dini ideologiyaların toqquşması, Sionizm və Vilayət-i Fəqih

İsrail–İran müharibəsinınəsl mahiyyəti: Dini ideologiyaların toqquşması, Sionizm və Vilayət-i Fəqih

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

“Bütün müharibələr siyasətin davamıdır” – bu fikir XIX əsr prusiyalı strateq Karl fon Klauzevitsin məşhur tezisidir. Hazırda Yaxın Şərqdə gedən İsrail–İran müharibəsi də məhz bu prinsipin bariz nümunəsinə çevrilib. Bu savaş, hər iki tərəfin illərlə yürütdüyü ideoloji, siyasi və strateji mübarizənin silahlı mərhələsi kimi meydana çıxır.

Dini ideologiyaların toqquşması: Sionizm və Vilayət-i Fəqih

İran İslam İnqilabından sonra formalaşan teokratik sistem, bölgədə şiə ideologiyasının genişlənməsində mühüm rol oynayıb. İran bu ideoloji zəmini yalnız siyasi deyil, həm də hərbi vasitələrlə gücləndirib. Digər tərəfdə isə İsrail – müasir dövrdə dini identiklik üzərində qurulan yəhudi dövləti olaraq – öz təhlükəsizliyini təmin etmək üçün regionda hərbi üstünlük qazanmağa çalışır.
Beləliklə, İsrailin ABŞ-ın müasir silah texnologiyası ilə dəstəklənən güclü ordusu ilə İranın raket proqramları və nüvə potensialı üzərindən qurduğu “müqavimət oxu” arasında silahlı ideoloji qarşıdurma yaranıb. İranın bu asimmetrik strategiyası, hava qüvvələrinin zəifliyi və texnoloji çatışmazlıqları kompensasiya etmək məqsədi daşıyır.

ABŞ-İsrail layihəsi: Yeni Yaxın Şərq nizamı?

Münaqişənin geosiyasi təhlili göstərir ki, İsrailin məqsədi təkcə İranı zəiflətmək deyil. ABŞ-ın dəstəyi ilə o, Yaxın Şərqin siyasi, iqtisadi və hərbi düzənini yenidən formalaşdırmağa çalışır. Tramp administrasiyası bu məqsədlə beynəlxalq hüquq və müqavilələri bir kənara qoyaraq, İsrailin təhlükəsizliyi naminə hər cür gücdən istifadə etməyə hazır görünür.

İranın ideoloji ritorikası və səhvləri

İran tərəfi isə “İsrailə ölüm” və “Qüdsə doğru yürüş” şüarları ilə regionda özünü lider göstərməyə çalışır. Lakin bu prosesdə o, daxildə repressiyalar, xaricdə isə dörd ərəb paytaxtına nəzarət etməklə qonşularının suverenliyini pozmaq kimi ciddi səhvlərə yol verib.

Bazar günü səhəri ABŞ-ın “Midnight Hammer” adlı əməliyyatı ilə yeni mərhələyə keçildi. Bu əməliyyatda ABŞ qırıcıları İranın Fərdo, Natanz və İsfahan şəhərlərindəki üç əsas nüvə obyektini 30 min funtluq bunker dağıdıcı bombalarla vurdu. İsrail bu hücumda rəsmi iştirakını inkar etsə də, əməliyyatın təşviqçisi olduğu geniş şəkildə qəbul edilir.

İranın strateji arsenalı və ballistik raket zavodları onun “müqəddəs mövqeləri” sayılır. Ona görə də bu hücumlar İran üçün təkcə hərbi deyil, həm də ideoloji təhqirdir. Lakin son on gün ərzində İranın həm hərbi, həm də ictimai-siyasi resurslarının tükənməkdə olduğu aydın görünür.

İran tək qalıb: daxili böhran və regional təcrid

İran həm xalq dəstəyini, həm də bölgədəki simpatizan qüvvələri get-gedə itirir. Müharibənin genişlənməsi perspektivində bu faktor onun üçün ciddi çətinliklər yaradır. İsrail isə hərbi üstünlüyündən istifadə edərək, müharibəni sona qədər davam etdirməyə qərarlıdır – ta ki, İran təslim olana qədər.

Müharibənin əsl mahiyyəti: nüvə deyil, ideologiya

Müharibənin rəsmi səbəbi İranın nüvə proqramı kimi göstərilsə də, əslində bu, iki ziddiyyətli ideoloji modelin – İsrailin sekulyar-sionist modeli ilə İranın dini-şəriətçi modelinin mübarizəsidir. Hər raket zərbəsi bu ideoloji gərginliyin bir ifadəsi, hər itki isə yeni narrativin tərkib hissəsidir

Digər Kateqoriyalar

2025 © Azervoice