BAKI,AzerVoice, Fərid Mikayılov
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə Əfqanıstanın xarici işlər naziri Amir Xan Muttaki arasında telefon danışığı keçirilib.
AzerVoice xəbər verir ki, danışıq zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Nazirlər qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Meredov və Muttaki qeyd ediblər ki, Aşqabad və Kabil arasında diplomatik təmasların intensivləşdirilməsi regionda sabitlik və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə töhfə verəcək.
Görüşdə müzakirə olunan əsas mövzulardan biri TOPH (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri layihəsi olub.
Nazirlər bu layihənin regional enerji təhlükəsizliyinin və iqtisadi əməkdaşlığın artırılmasında mühüm rol oynadığını bildiriblər.
“TOPH layihəsinin səmərəli şəkildə həyata keçirilməsi üçün mütəmadi görüşlər və məsləhətləşmələr zəruridir” – deyə nazirlər birgə bəyan ediblər.
Onlar həmçinin bu istiqamətdə əməli əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı koordinasiyanın artırılmasına hazır olduqlarını ifadə ediblər.
Tərəflər ticarət, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.