BAKI, AzerVoice
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərakçi Türkmənistana rəsmi səfər edib.
AzerVoice xəbər verir ki, səfər çərçivəsində o, Türkmənistan Xarici İşlər Nazirliyində keçirilən görüşdə iştirak edib və iki ölkə arasındakı münasibətlər, regional məsələlər müzakirə olunub.
Görüşdə tərəflər İran və Türkmənistan arasında əməkdaşlığın inkişaf perspektivlərini, habelə Yaxın Şərqdəki gərgin vəziyyəti müzakirə ediblər.
Rəsmi bəyanatda qeyd olunub ki, Türkmənistan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiq qalaraq, güc tətbiqini və zorakılığı heç bir halda qəbul etmir. Türkmən tərəfi Yaxın Şərqdə yaranmış çətin vəziyyətin yalnız sülh yolu ilə və diplomatik vasitələrlə həll olunmasının vacibliyini vurğulayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, Türkmənistan Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin bərpası üçün bütün maraqlı tərəflərlə danışıqlara hazırdır.
Səfərin yekununda İranın xarici işlər naziri Türkmənistana və dövlət rəhbərlərinə minnətdarlığını ifadə edib, iki ölkə arasında dialoqun davam etdiriləcəyini bildirib. Tərəflər dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan əlaqələrin gələcəkdə də möhkəmləndiriləcəyini bəyan ediblər.