BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasını (CHP) tənqid edərək siyasi mübarizəni qətiyyətlə davam etdirəcəklərini bildirib.
AzerVoice xəbər verir ki, dövlət başçısı çıxışında CHP daxilində rəhbərliyə qarşı ən kiçik tənqid edənlərin təzyiq və təhqirlərlə üzləşdiyini iddia edib.
Onun sözlərinə görə, belə şəraitdə siyasətçinin geri addım atmaması, səbirli və prinsipial mövqe sərgiləməsi vacibdir.
Prezident vurğulayıb ki, “geri addım atmaq yoxdur, dik duracağıq, lakin dikbaşlıq etməyəcəyik. Amma CHP-yə də meydanı buraxmayacağıq”.
Ərdoğan əlavə edib ki, iqtidar siyasi rəqibini ideoloji və proqram müstəvisində tənqid edir və bu, siyasətin təbiətindən irəli gəlir. O, CHP-nin hazırkı vəziyyətini daxili çəkişmələr, idarəetmə problemləri və siyasi strategiya çatışmazlığı ilə əlaqələndirib.
O qeyd edib ki, əvvəlki dövrlərdə də CHP ilə kəskin siyasi rəqabət aparılıb və hakim partiya seçkilərdə xalqın dəstəyi ilə qalib gəlib. Onun fikrincə, hazırda CHP-nin düşdüyü durum artıq sırf siyasi dinamika ilə izah oluna bilməyəcək qədər mürəkkəb xarakter alıb.