BAKI,AzerVoice
Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun (TDV) dəstəyi ilə təşkil olunan Beynəlxalq Təcrübə Mübadiləsi Proqramı “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” öz işinə İstanbulda davam edib.
AzerVoice xəbər verir ki, Yeddi fərqli ölkədən gələn mütəxəssisləri Ankara və İstanbulda bir araya gətirən layihə: arxeometriya, memarlıq abidələrinin mühafizəsi və sualtı arxeologiya kimi sahələrdə Türkiyənin malik olduğu texniki təcrübəni iştirakçı ölkələrlə bölüşməyi hədəfləyib.
Proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistandan qatılan mədəni qurum nümayənələri, tədqiqatçı-alimlər, ekspertlər məruzələrlə çıxış edərək Türk irsinin qorunması ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər.
Proqram Ümraniyədəki tarixi Həkimbaşı Ov Köşkündə təşkil edilən işçi seminar və sertifikatların təqdimetmə mərasimi ilə başa çatıb.
Bağlanış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova proqramın Türk dünyasında mədəni irsin qorunması sahəsində peşəkar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. O bildirib ki, bərpa və konservasiya laboratoriyaları memarlıq abidələrinin, tarixi artefaktların və ümumi mədəni yaddaşın qorunmasında mühüm rol oynayır və bu kimi təşəbbüslər türk dünyasında davamlı əməkdaşlıq üçün dayanıqlı zəmin yaradır.
Fondun prezidenti həmçinin Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, TİKA-ya, Türk Dünyası Fonduna və proqramın həyata keçirilməsinə töhfə verən bütün tərəfdaşlara təşəkkürünü ifadə edib, bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə TDV Himayəçilər Şurasının sədri Nabi Avcı, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı, Türk dünyasının müxətlif guşələrindən mədəni irs ekspertləri, Türkiyədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və media təmsilçiləri iştirak ediblər.