BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyədə kiber cinayətlərə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 90 şübhəli saxlanılıb, onlardan 58-i barəsində həbs qətimkan tədbiri seçilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat yayıb.
Nazir bildirib ki, əməliyyatlar zamanı ümumi dövriyyə həcmi təxminən 1,1 milyard lirə olan kiber cinayət şəbəkəsi ifşa edilib. Saxlanılan şübhəlilərdən 25-i barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub, digərləri üzrə isə istintaq davam etdirilir.
Ali Yerlikayanın açıqlamasına əsasən, şübhəlilər:
- qeyri-qanuni mərc fəaliyyətinin təşkili,
- cinayət yolu ilə əldə olunan vəsaitlərin daşınması,
- şəxsi məlumatların qanunsuz ələ keçirilməsi,
- sosial media üzərindən saxta elanlarla vətəndaşların aldadılması
kimi cinayət əməllərində iştirak ediblər.
Nazir vurğulayıb ki, bu əməliyyatlar nəticəsində mümkün kiber fırıldaqçılıq cinayətlərinin qarşısı vaxtında alınıb və vətəndaşların maddi-mənəvi zərər görməsinin qarşısı kəsilib. O, kiber cinayət şübhəsi yarandıqda dərhal 112 Təcili Çağrı Mərkəzinə müraciət etməyi tövsiyə edib.
Ali Yerlikaya əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını xüsusi olaraq təbrik edib və kiber cinayətlərlə mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.