BAKI, AzerVoice, Orxan Qədirzadə
Sudan Ordusunun arsenalında yer alan "Bayraktar AKINCI" Hücum Tipli Pilotsuz Uçuş Aparatı Cənubi Kurdufan yaxınlığında keçirilən əməliyyatda strateji uğura imza atıb.
AzerVoice xəbər verir ki, əməliyyat zamanı Çevik Dəstək Qüvvələrinə (RSF) məxsus Çin istehsalı olan "FK-2000" Hava Hücumundan Müdafiə Sistemi ROKETSAN mühimmatı ilə vurularaq sıradan çıxarılıb. Qeyd edək ki, "FK-2000" sistemi Rusiyanın "Pantsir" kompleksinə bənzər imkanları ilə tanınır və həm zenit toplarına, həm də yer-hava tipli raketlərə sahibdir.
Ekspertlərin rəyinə görə, əməliyyatda ROKETSAN istehsalı olan "MAM-L" və ya "MAM-T" ağıllı cihazlarından istifadə edilib. Xüsusilə bu cihazların sahib olduğu infraqırmızı (IIR) və TV başlıqlı idarəetmə sistemləri hava hücumundan müdafiə vasitələrinin dəqiq məhv edilməsində həlledici rol oynayıb. Məlumata görə, 25 kilometr mənzilə malik olan "FK-2000" sistemi "AKINCI" tərəfindən daha uzaq məsafədən, sistemin özü hədəfi aşkarlamadan vurulub.
Bu hadisə Liviya, Suriya, Qarabağ və Ukraynadan sonra Türk PUA-larının hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi missiyalarındakı üstünlüyünü bir daha dünya gündəminə daşıyıb. Əsas məqsədi PUA və qanadlı raketləri vurmaq olan bir sistemin məhz TİHA tərəfindən məhv edilməsi hərbi texnologiya tarixində mühüm nailiyyət hesab olunur.