BAKI, AzerVoice, Nailə Babazadə
Türk dili yalnızca bir ünsiyyət vasitəsi deyil, ortaq dəyərlərimizin və mədəniyyətimizin daşıyıcısıdır.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran sosial media hesabında paylaşım edib.
Duran mesajında bildirib ki, Türk dili əsrlərdir qardaş xalqlar arasında bir körpü rolunu oynayır və ortaq tariximizin, mədəniyyətimizin ən güclü təməl daşlarından biridir. Anadoludan Orta Asiyaya, Qafqazdan Balkanlara, Aralıq dənizindən Xəzər bölgəsinə qədər eyni dili danışan bütün qardaş xalqları salamlayır.
"Rəcəb Tayyib Ərdoğanın ifadəsi ilə ‘Birliyimiz gücümüzdür’ şüarı ilə Türk dünyasını hər sahədə gücləndirməyi, müxtəlif çağırışlar qarşısında daha dayanıqlı və möhkəm hala gətirməyi hədəfləyirik." - deyə Duran qeyd edib.
"Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənən əməkdaşlıq, ortaq dilimizin və mədəniyyətimizin gələcək nəsillərə daha möhkəm şəkildə ötürülməsinə öncülük edir. Türk dili yalnız bir ünsiyyət vasitəsi deyil; ortaq dəyərlərimizin, tariximizin və mədəniyyətimizin daşıyıcısıdır. Türk dilinin zənginliyini qoruyub inkişaf etdirən bütün qurumlara, akademiklərə və könül adamlarına ən səmimi təşəkkürlərimi bildirirəm. Birliyimizin təməli olan dilimizin hər sözü, gələcəyə uzanan ortaq səsimizdir.” - deyə Duran əlavə edib.
