BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin təbii qaz ehtiyacının demək olar ki, yarısının artıq LNG (mayeləşdirilmiş təbii qaz) şəklində gəmilərlə təmin oluna biləcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, nazirliyin məlumatına görə, Bayraktar Türkiyənin LNG infrastrukturunun, istehlakın ən yüksək olduğu sərt qış günlərində belə ev təsərrüfatlarının qaz tələbatını tam şəkildə qarşılayacaq gücə sahib olduğunu bildirib.
Bayraktar yerli ixracla yanaşı, mənbə ölkələrin və tədarük marşrutlarının şaxələndirilməsi sayəsində enerji təchizatının təhlükəsizliyinin xeyli möhkəmləndiyini vurğulayıb.
“2016-cı ildə Milli Enerji və Mədən Siyasətini tətbiq etməyə başladığımız dövrdə LNG qazlaşdırma gücümüz gündə 34 milyon kubmetr idi. Bu göstərici bu gün təxminən 5 dəfə artaraq 161 milyon kubmetrə çatıb”- deyə o bildirib.
Nazir əlavə edib ki, Türkiyədə təbii qaz istehlakı ən yüksək günlərdə gündə orta hesabla 330 milyon kubmetrə yüksəlir:
“Bu gün etibarilə Türkiyə ehtiyac duyduğu təbii qazın yarısına yaxın hissəsini LNG olaraq gəmilərlə tədarük edə bilir. Mövcud LNG gücümüz ən soyuq qış günlərində belə vətəndaşların evlərində tələb olunan qaz həcminin tam ödənilməsinə imkan verir.”
Təbii qazın mayeləşdirilməsi (LNG) prosesi beynəlxalq ticarətdə qazın həcmini azaltmaq və daşımanı asanlaşdırmaq məqsədi ilə həyata keçirilir. Bu prosesdə qaz soyudularaq maye vəziyyətinə gətirilir və həcmi təxminən 600 dəfə kiçilir.