BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edərək Sülh Şurasının Şərtinin imzalanma mərasimində iştirak etmək məqsədilə İsveçrəyə səfər edəcək.
AzerVoice xəbər verir ki, Fidan sabah İsveçrədə keçiriləcək rəsmi imzalanma mərasimində Türkiyə tərəfini təmsil edəcək.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 17 noyabr 2025-ci il tarixində qəbul etdiyi 2803 saylı qətnamə ilə ABŞ Prezidenti Donald Trampın 29 sentyabr 2025-ci ildə elan etdiyi “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan”a dəstək verdiyini açıqlayıb.
Bu çərçivədə ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə Sülh Şurası yaradılıb. Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzzanın yenidən qurulması və təhlükəsizliyinə cavabdeh olan Sülh Şurasına təsisçi üzv qismində dəvət edib.
Diplomatik mənbələrin verdiyi məlumata görə, yeni yaradılan qurum üç əsas idarəetmə mexanizmindən ibarətdir:
- Sülh Şurası
- Sülh İdarəetmə Şurası
- Qəzza İdarəetmə Şurası
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff 14 yanvar tarixində Qəzza ilə bağlı 20 maddədən ibarət planın ikinci mərhələsinin icrasına başlanıldığını bəyan edib.