BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 sentyabr çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 15-ci dəfə iclasında çıxış edəcək. Onun nitqinin əsas mövzuları arasında İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı, Fələstinin dövlət kimi tanınması və beynəlxalq ictimaiyyətin İsrailə qarşı atacağı addımlar olacaq.
AzerVoice xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasına ilk dəfə 2005-ci ildə, baş nazir vəzifəsində olarkən qatılıb. 60-cı Baş Assambleyada çıxışı zamanı BMT-nin daha demokratik, şəffaf və bütün üzvlərin ortaq iradəsini təmsil edən bir quruma çevrilməsinin zəruriliyini vurğulayıb.
O, 2007-ci ildə 62-ci Baş Assambleyada terrorla mübarizəyə diqqət çəkərək bildirib:
“Dünyanın hər hansı bir yerində baş verən terror aktı bəşəriyyətə qarşı cinayətdir. Terrorla daha səmərəli mübarizə üçün həmrəylik və əməkdaşlıq çağırışı edirəm.”
2009-cu ildə isə 64-cü Assambleyada çıxış edən Ərdoğan, BMT-nin strukturunun islahata ehtiyacı olduğunu söyləyərək bu qurumun qlobal ədalətə və sabitliyə daha çox töhfə verə biləcəyini qeyd edib.
Ərdoğan 2011-ci ildə 66-cı Baş Assambleyada regional məsələlərə toxunub, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edərək bildirib ki,
“Qarabağ probleminin bu şəkildə həll olunmadan qalması əsla qəbul edilə bilməz. Beynəlxalq münaqişələrə vaxtında, onlar xroniki hala çevrilməmişdən əvvəl həll yolları tapılmalıdır. Bu, hər birimizin siyasi və mənəvi məsuliyyətidir.”
Ərdoğan bu mövqeyi ilə Azərbaycanın haqlı mübarizəsinə beynəlxalq platformada dəstəyini bir daha nümayiş etdirib.