BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Meteoroloji Ümumi İdarəsinin məlumatlarına əsasən, Türkiyədə iyul ayında temperatur mövsüm normallarından ölkə üzrə orta hesabla 6-12 dərəcə yüksək olub.
AzerVoice xəbər verir ki, iyulun ilk həftəsindən başlayaraq temperatur bütün ölkə üzrə mövsüm normallarının üzərində seyr edib və beləliklə, Türkiyə Avropanın bir çox bölgəsindən daha isti yay ayı yaşayıb.
Ötən ay kölgədə və yer səviyyəsindən 2 metr yüksəklikdə aparılan ölçmələrdə 25 iyulda Şırnak vilayətinin Silopi rayonunda bütün zamanların ən yüksək temperaturu olan 50,5 dərəcə qeydə alınıb. Eyni gündə 132 mərkəzdə iyul ayının ən yüksək temperatur rekordları müşahidə edilib.
Ən yüksək temperatur dəyərləri əsasən Şərqi Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində qeydə alınıb. Cənub-Şərqi Anadolu bölgəsində Şırnakın Silopi rayonunda 50,5, Siirtin Kurtalan rayonunda 49,1, Mardinin Kızıltepe rayonunda 48,8, Şanlıurfanın Ceylanpınar rayonunda 47,7 və Diyarbakırın Sur rayonunda 47,1 dərəcəlik temperatur ölçülüb.
Bundan əlavə, iyul ayında Ankara, İstanbul və İzmir kimi böyük şəhərlərdə temperatur bəzən 40 dərəcəni aşaraq yüksək istilər müşahidə olunub.