BAKI, AzerVoice, Zeynəb Raminqızı
Tom Barak, İsrailin Suriyaya müdaxiləsinin bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirdiyini və ABŞ-la bu mövzuda ortaq anlaşmanın olmadığını bildirib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentində keçirilən mətbuat brifinqində ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak çıxışı zamanı bildirmişdir.
“İsrailin hərəkətləri Suriyadakı prosesi asanlaşdırırmı? Əksinə, işləri çətinləşdirir”, – deyə səfir Barak qeyd edib.
O bildirib ki, ABŞ ilə İsrail arasında Suriyadakı vəziyyətlə bağlı ortaq anlayış mövcud deyil. Barak İsrailin əsas narahatlığının İranla sərhəddə təhlükəsizlik təmin etmək olduğunu bildirib.
Səfir həmçinin Türkiyənin Suriyada sabitlik yaratmaqda mühüm rol oynadığını vurğulayıb.
“Türkiyə bu məsələdə inanılmaz dərəcədə əməkdaşlıq edir. Eyni zamanda, Suriya hökuməti də bu yardımı qəbul etməkdə razılıq göstərir. Ancaq proses ləng gedir. Təxminən 10 milyon suriyalı geri dönmək istəyir”- deyə o qeyd edib.
Barak, ABŞ-ın Suriyada PKK/YPG-nin əsasını təşkil etdiyi SDQ və druz icmasının yerləşdiyi bölgələrdə “bufer zonalar” yaratdığını və bu məsələ ilə bağlı bütün tərəflərlə mütəmadi əlaqə saxladıqlarını bildirib.