BAKI, AzerVoice
Türkiyə Prezident Administrasiyasının tərkibində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Deniz Yavuzyılmazın Türkiyə–İraq Xam Neft Boru Kəməri müqaviləsi və bu müqavilə ilə bağlı beynəlxalq arbitraj prosesi barədə səsləndirdiyi fikirləri təkzib edib.
AzerVoice xəbər verir ki, mərkəzin rəsmi sosial media hesabında yayımlanan açıqlamada bildirilir ki, Yavuzyılmazın açıqlamaları hüquqi və texniki reallıqlardan uzaq olmaqla yanaşı, ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır.
Açıqlamada qeyd olunur ki, "Prezidentin bir imzası ilə 50 illik müqavilə ləğv edildi" və "Milli Məclisə heç bir məlumat verilmədi" kimi iddialar həqiqəti əks etdirmir.
Qeyd edilir ki, sözügedən müqavilə 1973-cü ildə qüvvəyə minib, 2010-cu ildə yenilənib və dəyişən regional şərtlər, eləcə də enerji bazarındakı dəyişikliklər fonunda aktual hüquqi sənəd statusunu itirib.
Bildirilib ki, Türkiyə ilə İraq arasında daha geniş enerji əməkdaşlığı prosesinə start verilib və bu çərçivədə mövcud müqavilənin 27 iyul 2026-cı il tarixindən etibarən qüvvədən düşəcəyi barədə Prezident fərmanı rəsmi qəzetdə dərc olunub.
DMM, Yavuzyılmazın “Türkiyə 1 milyard 471 milyon dollar təzminat ödəməlidir” və “Bu məbləğ Prezidentin şəxsi əmlakı ilə qarşılanmalıdır” kimi açıqlamalarını məsuliyyətsiz və təhrifedici adlandırıb.
Rəsmi məlumata görə, 2023-cü ildə Parisdə yerləşən Beynəlxalq Ticarət Palatasının (ICC) arbitraj heyəti, İraqın irəli sürdüyü beş iddiadan dördünü rədd edib, tərəflər arasında texniki pozuntulara görə qarşılıqlı təzminat ödənilməsinə qərar verib. Türkiyə isə qərarın İraq xeyrinə olan hissəsinin ləğvi üçün Parisdə məhkəmə prosesi başladıb və bu proses hələ qəti nəticə ilə yekunlaşmayıb.
Açıqlamada bildirilir ki, arbitraj qərarına dair məlumatlar 2023-cü ilin oktyabrında ABŞ-ın Vaşinqton şəhərində başlanmış tanınma və icra işi çərçivəsində ictimaiyyətə açılıb və bu məlumatlar əsasında artıq akademik məqalələr dərc olunub. Bu səbəbdən “gizli sənədə çıxış” iddiası da reallığı əks etdirmir.
“CHP nümayəndəsinin illər əvvəl yayımlanmış məlumatları bu gün aktual kimi təqdim etməsi, Türkiyəni beynəlxalq miqyasda əsassız və süni müzakirəyə cəlb etmək cəhdidir. Hüquqi proseslər tamamlanmamış bir məsələdə bu cür bəyanatlar vermək həm milli maraqlara ziddir, həm də beynəlxalq səviyyədə məsuliyyətsizlik nümunəsidir. İctimaiyyət bu cür manipulyativ iddialara qarşı ehtiyatlı olmalı və yalnız rəsmi qurumların açıqlamalarına əsaslanmalıdır”- deyə bildirilib.