BAKI, AzerVoice
Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, ölkənin enerji donanmasına daxil edilən 7-ci nəsil iki yeni gəmidən birinin 2026-cı ilin yanvarında, digərinin isə fevral ayında fəaliyyətə başlayacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Türkiyə mövcud enerji istehalını artırmaq və yeni yataqların kəşfini sürətləndirmək məqsədilə enerji donanmasına iki yeni gəmi əlavə edib.
Hələlik adları müəyyən edilməmiş bu gəmilər satış müqaviləsinin imzalanmasının ardından Türkiyə Neft Şirkətinə (TPAO) təhvil verilib.
Cənubi Koreyada inşa edilən və 2023-cü ildə tikintisi tamamlanan bu gəmilər 228 metr uzunluğa, 42 metr enə malikdir. 12 min metrə qədər dərinlikdə qazma aparmaq imkanına sahib olan gəmilər helikopter meydançası və 200 nəfərlik yaşayış sahəsi ilə təchiz olunub. Ağır texniki baxışları tamamlanan gəmilər fasiləsiz şəkildə 2029-cu ilə qədər əməliyyat apara biləcək.
Seçim mərhələsində sondaj qurğuları, mühərrik sistemləri, göyərtə və dənizaltı avadanlıqları texniki analizlərdən keçirilmiş, zaman qənaəti, əməliyyat elastikliyi və iqtisadi səmərəlilik kimi meyarlara əsaslanaraq qiymətləndirilmişdir.
Nazir Bayraktar bildirib ki, gəmilərdən biri təxminən iki ay ərzində Türkiyəyə gətiriləcək və müvafiq akreditasiya, sertifikatlaşdırma prosedurlarının ardından 2026-cı ilin yanvarında, digəri isə fevralda vəzifəyə başlayacaq.