Əsas səhifə » Trampla Ukrayna müharibəsini və HHM sistemlərini müzakirə etdik - Zelenski

Trampla Ukrayna müharibəsini və HHM sistemlərini müzakirə etdik - Zelenski

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampla hava hücumundan müdafiə (HHM) sistemləri və cəbhədəki vəziyyət barədə müzakirələr aparıb.

AzerVoice xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında məlumat verib.

"Biz HHM sistemləri ilə bağlı imkanları müzakirə etdik və hava müdafiəsini artırmaq üzərində işləmək qərarına gəldik. Komandalarımızın müvafiq görüşü ilə bağlı razılaşdıq" – deyə o, qeyd edib.

Zelenski telefon danışığı çox vacib və konstruktiv adlandırıb və Trampın cəbhədəki vəziyyət barədə məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, onlar həmçinin qarşılıqlı alqı-satqı və investisiya məsələlərini də müzakirə ediblər.

Rəsmi Kiyev, həmçinin ABŞ ilə hərbi istehsalat sahəsində, o cümlədən dronlar üzrə birgə layihələrə hazır olduqlarını bildirib.

Qeyd edək ki, iyulun 2-də "The New York Times" qəzeti, ABŞ-ın Ukraynaya "Patriot" HHM sistemləri üçün raket-interseptorları, yüksək dəqiqlikli "GMLRS" sursatları, "Hellfire" uzaqdan idarə olunan raketləri, "Stinger" raket kompleksləri və bir sıra silahların təchizatını dayandıracağını açıqlayıb. Ukraynanın Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Hinkeli çağıraraq təchizatların dayandırılması barədə məlumatı müzakirə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice