Əsas səhifə » THY və Pegasus təyyarələri İrandan geri qaytarılır - Uraloğlu

THY və Pegasus təyyarələri İrandan geri qaytarılır - Uraloğlu

BAKI, AzerVoice

İranda qalan Türkiyə təyyarələri geri qaytarılır.

AzerVoice xəbər verir ki, İran-İsrail qarşıdurması səbəbindən İranda qalan Türk Hava Yolları və Pegasus şirkətlərinə məxsus təyyarələr tezliklə Türkiyəyə qaytarılacaq.

Bu barədə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, Mülki Aviasiya Baş İdarəsinin İranlı tərəfdaşlarla apardığı danışıqlardan sonra xüsusi uçuş icazələri alınıb. Təmir briqadalarını daşıyan təyyarələr artıq İranın Şiraz və Tehran şəhərlərinə çatıb. Hal-hazırda THY-yə məxsus təyyarə Şirazda texniki yoxlamadan keçir. Pegasus Hava Yollarına məxsus 4 təyyarənin də (3-ü Şiraz və 1-i Tehran) uçuş üçün hazırlanaraq yaxın vaxtda Türkiyəyə geri dönəcəyi bildirilib.

Qeyd edək ki, İran və İsrail arasında son gərginlik nəticəsində bir sıra beynəlxalq aviareyslər təxirə salınmış və bölgədəki aviasiya fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice