Əsas səhifə » MİT rəhbəri İbrahim Kalın Ərbildə kritik görüşlər keçirdi

MİT rəhbəri İbrahim Kalın Ərbildə kritik görüşlər keçirdi

BAKI, AzerVoice

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqın şimalındakı Kürd Muxtar Regionunun paytaxtı Ərbil şəhərinə səfər edib.

AzerVoice xəbər verir ki, Kalın səfər çərçivəsində İraq Kürd Muxtar Regionu (İKMR) Prezidenti Neçirvan Bərzani, Baş nazir Mesrur Bərzani və Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani ilə bir araya gəlib.

Təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, İbrahim Kalın Ərbildəki təmasları çərçivəsində həmçinin İKMR Baş nazirinin müavini Kubat Talabani, Daxili İşlər naziri Reber Əhməd və İKMR Təhlükəsizlik Şurasının nümayəndələri ilə də ikitərəfli görüşlər keçirib.

Bu görüşlərdə İran və İsrail arasında baş vermiş müharibədən sonra bölgədə yaranmış vəziyyət, regional sabitliyin qorunması və yeni gərginliklərin qarşısının alınması məsələləri müzakirə olunub. Tərəflər regionda davamlı sülh və əməkdaşlıq üçün atılacaq birgə addımları nəzərdən keçiriblər.

Görüşlərin əsas mövzularından biri də Türkiyənin “Terrorsuz bölgə” strategiyası olub. Tərəflər bütün regionun terrorçu qruplaşmalardan təmizlənməsi və terror təhlükəsinin ortadan qaldırılması məqsədilə gələcək addımları müzakirə ediblər.

Görüşlər zamanı İraq türkmənlərinin təhlükəsizliyi və ölkənin siyasi proseslərindəki rolu da gündəmə gətirilib. Kalın bildirib ki, Türkiyə hər zaman İraq türkmənlərinin yanında olacaq və onların hüquqlarının qorunması üçün səylərini davam etdirəcək.

Eyni zamanda qarşıdakı dövrdə İraq mərkəzi hökuməti və İKMR rəhbərliyi ilə təmasların intensivləşdiriləcəyi də vurğulanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice