Əsas səhifə » Şimal-Cənub dəhlizləri üçün strateji addımlar – Türkiyə mövqeyini möhkəmləndirir

Şimal-Cənub dəhlizləri üçün strateji addımlar – Türkiyə mövqeyini möhkəmləndirir

BAKI, AzerVoice

Türkiyə Şimal-Cənub dəhlizlərini gücləndirmək üçün aktiv çalışır.

AzerVoice xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Qlobal Nəqliyyat Dəhlizləri Forumunda çıxışı zamanı Türkiyənin təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafında strateji rol oynadığını bəyan edib.

Nazir bildirib ki, Mərkəzi Dəhlizin mərkəzində yerləşən Türkiyə bu dəhlizlərin qovuşduğu əsas ölkələrdən biridir.

Uraloğlu “İnkişaf Yolu” layihəsinin tamamlanması ilə 45 günlük ticarət marşrutunun 25 günə endiriləcəyini, Orta Dəhlizdə isə malların Avropanın ucqar nöqtələrinə 13-15 günə çatdırıla biləcəyini vurğulayıb. O qeyd edib ki, bu imkanlar, Hörmüz boğazında risklərin artdığı bir vaxtda alternativ dəhlizlərə olan ehtiyacı daha da aktuallaşdırır.

Nazir əlavə edib ki, Türkiyə artıq 2200 km-lik öz dəhliz hissəsini tamamlayıb və bu marşrut üzrə infrastruktur tam işlək vəziyyətdədir. Eyni zamanda, “İnkişaf Yolu” layihəsində iştirak edən İraq, Qətər və BƏƏ ilə yanaşı, digər ölkələr də əməkdaşlığa dəvət olunur.

Nazir Uraloğlu həmçinin son 23 ildə nəqliyyat və kommunikasiya sahəsinə 300 milyard dollarlıq sərmayə qoyulduğunu, dəmir yollarının 11 mindən 14 min kilometrə, hava limanlarının sayının isə 6-dan 25-ə çatdığını bildirib. İstanbul hava limanının bu il 240 milyon sərnişin xidmət göstərəcəyi də diqqətə çatdırılıb.

O, eyni zamanda rəqəmsallaşmanın, gömrük proseslərində sürətin artırılmasının və e-mobilliyin təşviqinin vacibliyini vurğulayaraq, “Bölgə dövlətləri ilə əlaqələrin rəqəmsal əsasda qurulması və karbon izlərinin azaldılması üçün yaşıl nəqliyyat həllərini dəstəkləyirik”, – deyə əlavə edib.

Qeyd edək ki, Qlobal Nəqliyyat Dəhlizləri Forumu Dünya Bankının dəstəyi ilə təşkil olunub və 70-dən çox ölkədən nazirlərin iştirakı ilə keçirilib. Forumun İstanbulda keçirilməsi Türkiyənin regionda nəqliyyat qovşağı kimi artan rolunu bir daha nümayiş etdirib.

Digər Kateqoriyalar

2025 © Azervoice