BAKI, AzerVoice
Prezident Rəcəb Tayyib Ərdoğan milli döyüş təyyarəsi KAAN-ın İndoneziyaya ixracı ilə bağlı tarixi razılaşmanı ictimaiyyətə açıqlayıb.
AzerVoice xəbər verir ki, prezidentin sözlərinə görə, müqavilə çərçivəsində Türkiyədə 48 ədəd KAAN təyyarəsi istehsal ediləcək və bu təyyarələr İndoneziyaya ixrac olunacaq.
Ərdoğan sosial media hesabında paylaşdığı açıqlamada razılaşmanın həm Türkiyə, həm də İndoneziya üçün mühüm əməkdaşlıq nümunəsi olduğunu bildirib. O, KAAN-ın istehsalında İndoneziyanın yerli imkanlarından da istifadə ediləcəyini qeyd edərək, müqavilənin müdafiə sənayesində yeni mərhələ olduğunu vurğulayıb.
Prezident həmçinin sazişin imzalanmasında göstərdiyi təşəbbüsə görə İndoneziya Prezidenti Prabowo Subiantoya təşəkkür edib və layihədə iştirak edən qurumları, xüsusilə Müdafiə Sənayesi Başçılığı və TUSAŞ-ı təbrik edib.
Müdafiə Sənayesi Başçısı Prof. Dr. Haluk Görgün də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Türkiyə özünün 5-ci nəsil döyüş təyyarəsini dost ölkələrlə paylaşma mərhələsinə çatıb və KAAN layihəsi birgə istehsal, texnologiya mübadiləsi və strateji əməkdaşlıq baxımından əlamətdar hadisədir.
Görgün əlavə edib ki, KAAN – Türk mühəndisliyinin və milli aviasiya tarixinin simvoluna çevrilməkdədir. TUSAŞ tərəfindən istehsal edilən və 21 fevral 2024-cü ildə ilk uçuşunu həyata keçirən KAAN 8 min fut yüksəklik və 230 knot sürətə çatıb. 21 metr uzunluğa, 14 metr qanad eninə və 6 metr hündürlüyə malik olan KAAN-ın maksimal sürəti 1,8 Mach-dır.
Türkiyə, İndoneziyaya 48 Ədəd Döyüş
Təyyarəsi Satacaq
Qeyd edək ki, KAAN-ın 2028-ci ildə Türkiyə Silahlı Qüvvələrinin
inventarına daxil edilməsi planlaşdırılır. Layihə çərçivəsində
ilkin mərhələdə 6 prototip istehsal olunacaq və 2030-cu illərdə
yerli mühərriklərlə təchiz ediləcək. Turkish Aerospace
Industries-in (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu 2034-cü ilə
qədər 500-ə yaxın KAAN, HÜRJET və HÜRKUŞ təyyarəsinin istehsal
olunacağını açıqlayıb.