BAKI, AzerVoice
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz TV100 telekanalında
yayımlanan proqramda gündəmdəki məsələlərlə bağlı sualları
cavablandırıb.
AzerVoice xəbər verir ki, Yılmaz ilk
olaraq Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrekin vəfatı
ilə bağlı başsağlığı verərək, araşdırmanın nəticələrinin
gözlənilməsinin vacibliyini vurğulayıb.
Canlı yayımda çıxışı zamanı Yılmaz beynəlxalq iqtisadi mühitdəki dəyişikliklərə toxunaraq, dünyanın proteksionizm və ticarət gərginlikləri ilə dolu bir dövrdən keçdiyini bildirib. ABŞ prezidenti Donald Trampın tarif siyasətinin qlobal iqtisadi artım proqnozlarına mənfi təsir etdiyini xatırladan Yılmaz, əmtəə qiymətlərindəki düşmələrin Türkiyə kimi idxalçı ölkələr üçün müəyyən faydalar gətirə biləcəyini qeyd edib.
O, Avropa İttifaqının Çinlə bağlı atacağı addımların Türkiyənin ticarət rəqabətinə təsir edə biləcəyini, Çin məhsullarının digər bazarlara yönəlməsi halında isə bu rəqabətin daha da güclənəcəyini söyləyib.
Yılmaz ötən aylarda Əhali Siyasətləri Şurasının ilk iclasının keçirildiyini və 6 ayrı işçi qrupunun yaradıldığını bildirib. Bu qruplar qanunvericilik, iqtisadi dəstək, təhsil, səhiyyə, iş həyatı və mədəni-ünsiyyət sahələrini əhatə edir.
“Bu ayın sonunda və ya gələn ayın əvvəlində digər qurumlarla hazırlıqlar yekunlaşacaq. Təkliflər toplanaraq hökumətimizin gündəliyinə daxil ediləcək və prezidentimizə təqdim olunacaq”, – deyə Yılmaz əlavə edib.
Yılmaz çıxışı zamanı terror təşkilatı PKK-nın tamamilə ləğv edilməsinin zəruriliyini də vurğulayıb. “İlk olaraq, bu qərarın yerində və faktiki şəkildə reallaşdığını görmək lazımdır.” - deyə o bildirib.