BAKI, AzerVoice
“Terroru geridə qoyub, güclü və böyük Türkiyə qurmaq məcburiyyətindəyik.”
AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə keçirilən tədbirdə çıxışı zamanı gənclərə səslənərək, Türkiyənin artıq terrorsuz bir gələcəyə addımlamalı olduğunu bildirib.
Kurtulmuş qeyd edib ki, Türkiyə uzun illər terrora qarşı mübarizə aparıb və bu prosesdə minlərlə vətəndaşını itirib. “İmperialist layihələr nəticəsində ölkəmiz illərlə terrorla mübarizə apardı. Artıq terrorsuz bir Türkiyə qurmaq zamanıdır. 100 illik Cümhuriyyətin 50 ili terror, göz yaşı və acılarla keçdi. 40 mindən çox insanımız şəhid oldu. Bütün bunlara son qoyaraq, güclü Türkiyə qurmalıyıq”- deyə o bildirib.
O, həmçinin bəzi xarici güclərin region ölkələrini – İraq, Suriya, Liviya, Somali və digər dövlətləri – etnik və məzhəb fərqlilikləri üzərindən parçalamağa çalışdığını vurğulayıb. “Bu coğrafiyada yaşayan xalqlar birləşməli və imperialist planlara qarşı birlik nümayiş etdirməlidir. Biz ya parçalanacağıq, ya da bir olub bu planları alt-üst edəcəyik”- deyə o bildirib.
Kurtulmuşun sözlərinə görə, terrorsuz Türkiyə yolunda müəyyən qüvvələr prosesi pozmağa cəhd göstərə bilər. “Ancaq biz bütün təxribatlara qarşı tədbirlərimizi alacağıq və bu ölkənin heç bir yerində bombaların partlamadığı, insanların rahat yaşadığı bir Türkiyə quracağıq” - deyə o qeyd edib.
Qeyd edək ki, Kurtulmuşun bu çıxışı Gənclər və İdman Naziri Osman Aşkın Bakla birlikdə 81 vilayətdən və 10 ölkədən gələn gənclərin iştirakı ilə baş tutan qəbul zamanı səsləndirilib. Nazir Bak da çıxışında gəncliyin ruhunu yüksək qiymətləndirərək, “Türkiyənin əsri gənclərin əsri olacaq” ifadəsini işlədib.