Əsas səhifə » Ticarət Əsri gənclərin gücü ilə qurulacaq– Ömər Bolat

Ticarət Əsri gənclərin gücü ilə qurulacaq– Ömər Bolat

BAKI, AzerVoice

Türkiyənin Ticarət naziri Ömər Bolat gənc sahibkarlarla görüşüb.

AzerVoice xəbər verir ki, Bolat 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə gənc sahibkarlarla görüş keçirib.

Nazir Bolat tədbirdəki çıxışında gənclərin ölkənin gələcəyi və iqtisadi inkişafın təməl gücü olduğunu vurğulayıb. “Gənclik bizim gələcəyimizdir, gücümüzü sizdən alırıq. Türkiyəmizi və iqtisadiyyatımızı gələcəyə siz daşıyacaqsınız”- deyə o vurğulayıb.

O qeyd edib ki, Türkiyənin iqtisadi hədəflərinə çatmasında gənclərin rolu əvəzolunmazdır və “Ticarət Əsri”nin qurulmasında əsas missiya məhz savadlı və təşəbbüskar gənclərin üzərinə düşür.

Ömər Bolat çıxışında Türkiyənin iqtisadi nailiyyətlərinə də toxunaraq 2024-cü ildə milli gəlirin 1,3 trilyon dolları keçdiyini, adambaşına düşən gəlirin və birbaşa xarici investisiyaların rekord həddə çatdığını bildirib. O qeyd edib ki, 2002-ci ildən bəri birbaşa xarici sərmayələrin illik həcmi 1 milyard dollardan 11-12 milyard dollara qədər artıb.

Bolat bildirib ki, Türkiyənin ixracat hədəfi 2024-cü il üçün 390 milyard dollardır və bu hədəfin keçiləcəyi gözlənilir. O, e-ticarət sahəsində də əhəmiyyətli nailiyyətlərin əldə edildiyini və 2030-cu ilə qədər bu sahənin ümumi ixracın 10%-nə çatmasının qarşıya məqsəd qoyulduğunu açıqlayıb.

Qeyd edək ki, tədbir Ticarət Nazirliyi tərəfindən “Gənc Sahibkarlar QHT Toplantısı” çərçivəsində təşkil olunub və görüşdən sonra nazir Bolat gənclərin təklif və istəklərini qapalı iclasda dinləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice