BAKI,AzerVoice
Türkiyənin Adana şəhərində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində Suriya vətəndaşı olan altı şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, Adana Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları, İŞİD terror təşkilatının Suriya qolu ilə əlaqəli olduqları və qeyri-qanuni yollarla Türkiyəyə daxil olduqları iddia edilən şəxslərə qarşı əməliyyat keçirib.
Seyhan və Yüreğir rayonlarında yerləşən altı ünvana xüsusi təyinatlı polis qüvvələrinin dəstəyi ilə sübh saatlarında eyni anda reyd keçirilib.
Şübhəlilərin yaşadıqları ünvanlarda aşkarlanan rəqəmsal materiallar ekspertiza üçün müsadirə edilib və texniki araşdırmalara başlanılıb.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, saxlanılan şəxslərin polis idarəsindəki istintaq prosedurları davam etdirilir.