BAKI, AzerVoice
Tehranın nüvə proqramı ilə bağlı İran və ABŞ arasında danışıqların 4-cü mərhələsi daha ciddi atmosferdə keçib və İran tərəfi bu məsləhətləşmələri müsbət qiymətləndirir.
AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçi bildirib.
“Dördüncü raund əvvəlki üç mərhələdən daha ciddi və səmimi keçdi” – deyə, o qeyd edib.
“Tərəflərin mövqeləri bir-birinə yaxınlaşıb və bu mərhələni irəliyə doğru bir addım kimi qiymətləndirmək olar” - deyə, Araqçi əlavə edib.
Qeyd edək ki, bugün Omanın paytaxtı Məsqətdə İranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə ABŞ və Tehran arasında danışıqların dördüncü mərhələsi başa çatıb. Bu vaxta qədər ABŞ və İran Omanın vasitəçiliyi ilə üç danışıqlar raundu keçiriblər. Birinci raund aprelin 12-də Məsqətdə, ikinci aprelin 19-da Romada, üçüncü isə aprelin 26-da yenidən Məsqətdə baş tutub. İran nümayəndə heyətinə Xarici İşlər Naziri Seyid Abbas Araqçi rəhbərlik edir, ABŞ tərəfini isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.