BAKI, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ xarici işlər nazirləri toplantısında iştirak edir
AzerVoice xəbər verir ki, Fidan mayın
8-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa İttifaqı
ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında
iştirak edəcək.
Görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri, qitənin
təhlükəsizliyi, terrorla mübarizə və müdafiə sənayesi əməkdaşlığı
əsas müzakirə mövzuları olacaq.
Xarici İşlər Nazirliyi mənbələrinin verdiyi məlumata görə, görüş Türkiyə ilə Aİ arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyənin bu toplantıya dəvət alması, Aİ-nin uzun müddətdir passiv münasibət bəslədiyi Ankara ilə əlaqələrə yenidən önəm verdiyinin göstəricisi kimi dəyərləndirilir.
Nazir Hakan Fidanın “Gymnich” formatlı toplantıda NATO və Aİ arasında strateji əməkdaşlığın qitənin təhlükəsizliyi baxımından vacibliyini vurğulaması gözlənilir. O, həmçinin Türkiyənin güclü müdafiə sənayesi imkanları ilə Avropanın təhlükəsizliyinə dəstək verməyə hazır olduğunu qeyd edəcək.
Nazirin çıxışında Türkiyənin terrorla mübarizədə oynadığı rola və bu kontekstdə tərəfdaşlardan konkret və səmərəli əməkdaşlıq gözləntilərinə də diqqət yetiriləcək.
Tərəflər arasında Gömrük İttifaqının yenilənməsi, ticarət əlaqələrinin genişləndirilməsi və viza rejiminin liberallaşdırılması məsələlərinin də Aİ-yə çatdırılması planlaşdırılır. Toplantı çərçivəsində Fidanın bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Gymnich formatı adlandırılan bu qeyri-rəsmi toplantılar Aİ ölkələrinin xarici işlər nazirlərini daha sərbəst şəkildə fikir mübadiləsi aparmaq üçün bir araya gətirir və bu dəfəki görüşdə Türkiyənin iştirakı strateji əməkdaşlığın genişlənməsi baxımından diqqət çəkir.