Əsas səhifə » Türkiyə Avropa təhlükəsizliyində yeni açar rolunda

Türkiyə Avropa təhlükəsizliyində yeni açar rolunda

BAKI, AzerVoice

"Avropalılar, qorxmayın, Rəcəb Tayyib Ərdoğan sizin arxanızdadır."

AzerVoice xəbər verir ki, nüfuzlu "The Economist" jurnalı bu həftəki sayında Türkiyənin inkişaf edən müdafiə sənayesini və Avropa təhlükəsizliyində oynaya biləcəyi strateji rolu təhlil edib. Məqalədə ABŞ-ın qlobal təhlükəsizlik sahəsindəki mövqeyinin zəifləməsi, Rusiyanın artan təhdidi və Ukraynanın müdafiə vəziyyətində olması fonunda Avropanın təhlükəsizlik boşluğuna diqqət çəkilib və Türkiyənin bu boşluğu doldura biləcək əsas güc olduğuna işarə edilib.

“Amerika geri çəkilir, Rusiya təhlükəsi artır. Ukrayna müdafiə vəziyyətindədir. Yeni sərmayə vədlərinə baxmayaraq, Avropada silah istehsalı ehtiyacları qarşılayacaq səviyyədə artmır. Avropalılar, qorxmayın. Rəcəb Tayyib Ərdoğan sizin arxanızdadır." - deyə məqalədə bildirilib. Məqalədə Türkiyənin 2023-cü ildə 24 milyard dollarlıq hərbi sərmayə qoyduğu, bunun da Almaniyanın təhlükəsizlik sahəsinə yatırdığı sərmayədən çox da geridə qalmadığı vurğulanıb.

Jurnal həmçinin qeyd edir ki, ABŞ və Avropa arasında artan etibar böhranı fonunda, Türkiyənin müdafiə sənayesindəki inkişafı Avropa üçün vacib alternativ kimi ortaya çıxır. Xüsusilə yenidən silahlanma və Ukrayna ilə əməkdaşlıq sahələrində Türkiyənin daha fəal rol oynaması vacibliyi vurğulanıb.

Təhlildə Türkiyənin son illərdə müdafiə sənayesində atdığı əhəmiyyətli addımlar da xüsusi vurğulanıb. Zirehli maşınlar, pilotsuz uçuş aparatları (İHA), döyüş gəmiləri və müxtəlif sursat növlərinin istehsalının sürətləndirildiyi qeyd olunub. Altay tankının və beşinci nəsil döyüş təyyarəsi KAAN-ın 2030-cu ilə qədər Türk Silahlı Qüvvələrinin inventarına daxil olacağı xatırladılıb.

Məqalədə BAYKAR şirkətinin də Avropa İHA bazarında payını artırmaq üçün ciddi addımlar atdığına diqqət çəkilib. Bundan əlavə, Türkiyənin artıq Ukraynaya ən çox investisiya edən ölkələrdən biri olduğu və gələcəkdə Avropanın müdafiəyə yönəldəcəyi yüz milyardlarla avro sərmayədən türk şirkətlərinin də böyük pay alacağı ehtimal edildiyi vurğulanıb.

"The Economist" sonda qeyd edib ki, Avropanın öz təhlükəsizlik sistemini yenidən qurduğu bir dövrdə Türkiyə təkcə regional güc deyil, həm də qlobal təhlükəsizlik siyasətində strateji oyunçuya çevrilir. ABŞ-ın təsirinin azaldığı, Rusiya təhdidinin artdığı və Ukraynanın davam edən müharibə şəraitində olduğu bir vaxtda, Türkiyənin hərbi və sənaye sahəsində atdığı addımlar Avropa üçün həyati əhəmiyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice