BAKI,AzerVoice
İstanbul 2026-cı ildə UEFA Avropa Liqasının finalında qonaqlarını qəbul edəcək.
AzerVoice xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan İstanbulda Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qərargahının açılış mərasimində çıxış edib.
"İstanbul bu günə qədər bir sıra mühüm turnirlərə ev sahibliyi edib. Bunlara 2005 UEFA Çempionlar Liqası finalı, 2009 UEFA Kuboku finalı, 2019 UEFA Superkuboku finalı və 2023 UEFA Çempionlar Liqası finalı daxildir"- deyə Ərdoğan bildirib.
Həmçinin, 2027-ci ildə keçiriləcək UEFA Konfrans Liqası finalı isə İstanbulda və ya tikintisi davam edən stadionun vəziyyətindən asılı olaraq Ankarada təşkil olunacaq.
UEFA-nın İstanbul təmsilçiliyi, 2032-ci ildə İtaliya ilə birlikdə təşkil olunacaq Avropa Futbol Çempionatının (EURO 2032) hazırlıq mərhələsində də fəal iştirak edəcək.
Londondan və Brüsseldən sonra UEFA-nın üçüncü xarici mərkəzi olacaq İstanbul Təmsilçiliyi, Türkiyə Futbol Federasiyasının (TFF) tarixi Levent Kasrı binasında fəaliyyət göstərəcək.
Beləliklə, İstanbul həm 2026 UEFA Avropa Liqası, həm də 2027 UEFA Konfrans Liqası finallarına ev sahibliyi etməklə yanaşı, Türkiyənin beynəlxalq futbol təşkilatlarındakı rolunu daha da gücləndirəcək.