BAKI, AzerVoice, Nailə Babazadə
Yunan mediası, Türkiyənin son günlərdə ard-arda atdığı iki böyük müdafiə addımına geniş yer ayırıb. Prezident Rəcəb Tayyib Ərdoğanın ilk yerli istehsal Altay tanklarının təhvil mərasimində iştirakı və Böyük Britaniya ilə 20 ədəd Eurofighter Typhoon qırıcı təyyarəsinin alınması üçün imzalanan saziş, Afinada diqqətlə izlənilib.
AzerVoice xəbər verir ki, Kathimerini qəzetinin Türkiyə müxbiri Manolis Kostidis yazır ki, Ərdoğan Ankarada keçirilən mərasimdə ilk üç Altay tankını Türkiyə Silahlı Qüvvələrinə təhvil verib.
Xəbərdə qeyd olunur ki, tanklar tamamilə Türkiyədə hazırlanıb və BMC zavodlarında istehsalına başlanılıb. Ərdoğanın mərasimdə istehsal hədəflərini “Aylıq səkkiz tank, ümumilikdə 250 tank” kimi açıqladığı vurğulanır.
Yunanistan mərkəzli analizlərdə Türkiyənin 9,2 milyard avro dəyərində 20 ədəd Eurofighter Typhoon qırıcı təyyarəsinin alınması barədə Britaniya ilə bağladığı saziş “Ankaranın müdafiə siyasətində tarixi dönüş nöqtəsi” kimi xarakterizə edilib.
Xəbərlərdə qeyd olunur ki, bu razılaşma Türkiyənin 75 ildən sonra ilk dəfə ABŞ-dan kənar mənbədən böyük miqyaslı döyüş təyyarəsi alması deməkdir və bu, Ankaranın Vaşinqtona olan asılılığını azaldır.
“Əgər Türkiyə 20 yeni nəsil Eurofighter (Tranche 5) təyyarəsini inventarına daxil etsə, Egey üzərindəki qüvvələr balansı yenidən formalaşa bilər.” - deyə qəzetdə qeyd edilir.
Qəzet əlavə edib ki, saziş təkcə təyyarələri deyil, həm də Fransa iştirakı ilə yaradılan MBDA konsorsiumunun istehsalı olan Meteor və Brimstone raketlərini də əhatə edir. Bu isə Yunan Hərbi Hava Qüvvələrinin üstünlüyü üçün ciddi təhdid yarada bilər.