BAKI, AzerVoice, Nailə Babazadə
Son 22 ildə Türk dövlətlərinin qarşılıqlı xarici ticarət dövriyyəsi 6 dəfə artaraq 70,3 milyard dollara, dünya ticarətindəki payları isə 70 faiz artaraq 2,42 faizə yüksəlib.
AzerVoice xəbər verir ki, Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu, Ankarada keçirilən "Türk Dünyası ilə Əlaqəli Qurum və Qurumlarla Məşvərət Toplantısı"na rəhbərlik edib.
Toplantıda, Türk Dünyası ilə birbaşa əlaqəli olan və bu sahədə fəaliyyət göstərən dövlət qurumları və təşkilatlar iştirak edib. Zorlu çıxışında, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişləri ilə “Türk Dünyası Əsri” hədəfinə doğru yeni və güclü bir başlanğıc edildiyini bildirib.
“Toplantının məqsədi, Türk Dünyası istiqamətində çalışan dövlət qurumları arasında koordinasiyanı gücləndirmək, resurslardan daha səmərəli istifadəni təmin etmək və ortaq layihələr ətrafında birləşməkdir,” – deyə Zorlu qeyd edib.
Zorlu vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənən həmrəylik bölgə sərhədlərini aşaraq qlobal səviyyədə təsir gücünə çevrilməkdədir.
O, Türkiyənin bu prosesə liderlik etdiyini, qardaş ölkələrlə birlikdə irəliləməyə sadiq olduqlarını bildirib.
“2024-cü ildə Türk dövlətlərinin ümumi daxili məhsulu 2,1 trilyon dollar səviyyəsində olub. Bu göstəricinin 2030-cu ildə 3 trilyon dolları keçəcəyi gözlənilir. Bu artım, təşkilat üzvü ölkələri dünya iqtisadi sıralamasında 8-ci yerə yüksəldəcək.” - deyə Zorlu qeyd edib.
Türkiyənin Türk dövlətlərinə olan xarici ticarət həcmi 2002-ci ildə sıfırdan başlayaraq 2024-cü ildə 26 milyard dollara çatıb. Eyni dövrdə, Türkiyədə fəaliyyət göstərən Türk dövlətləri mənşəli şirkətlərin sayı sıfırdan 5 min 405-ə yüksəlib.
Zorlu çıxışının sonunda vurğulayıb ki, “Terrorsuz Türkiyə” vizyonu yalnız daxili təhlükəsizlik və sabitlik baxımından deyil, həm də Türk Dünyası ilə qalıcı və davamlı ortaq əlaqələrin qurulması baxımından böyük əhəmiyyət daşıyır.