BAKI,AzerVoice, Fərid Mikayılov
Fənərbaxça İdman Klubu Bankalar Birliyi ilə bağlanmış maliyyə restrukturizasiya razılaşmasından rəsmi olaraq çıxdığını açıqlayıb.
AzerVoice xəbər verir ki, klubdan yayımlanan rəsmi bəyanatda bildirilib ki, Bankalar Birliyi çərçivəsində olan bütün borclar tam şəkildə ödənilib və bununla da razılaşmaya xitam verilib.
Açıqlamada qeyd olunub ki, bu addım klubun maliyyə müstəqilliyinin təmin edilməsi və uzunmüddətli, dayanıqlı gələcək strategiyasının formalaşdırılması baxımından mühüm mərhələ hesab olunur.
“Klubumuz Bankalar Birliyi çərçivəsindəki bütün öhdəliklərini bu gün etibarilə tam şəkildə yerinə yetirib və razılaşmadan çıxıb. Bu, maliyyə müstəqilliyimiz və davamlı gələcəyimiz baxımından vacib bir mərhələnin geridə qalması deməkdir,” – deyə bəyanatda vurğulanıb.
Fənərbaxça rəhbərliyi proses ərzində əməyi və töhfəsi olan hər kəsə təşəkkür edib və bu addımın klub camiəsi üçün xeyirli olmasını arzulayıb.