BAKI,AzerVoice, Fərid Mikayılov
Barselona heyətini gücləndirib. Kataloniya klubu portuqaliyalı müdafiəçi Jao Kancelonu mövsümün sonunadək icarə əsasında transfer edib.
AzerVoice xəbər verir ki, klubun yaydığı rəsmi məlumata görə, 31 yaşlı futbolçu Səudiyyə Ərəbistanının Al-Hilal klubundan icarəyə götürülüb.
Qeyd edək ki, Cancelo 2023–2024 mövsümündə də Mançester Sitidən icarə əsasında Barselonada çıxış edib və bütün turnirlərdə 42 oyunda forma geyinib.
Təcrübəli müdafiəçi cari mövsümdə Əl-Hilalın heyətində 6 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiənin həm sağ, həm də sol cinahında oynaya bilən Kanselo Portuqaliya millisinin formasını 64 dəfə geyinib.
Barselona rəhbərliyi bu transferin La Liqada çempionluq mübarizəsində komandaya əlavə dərinlik və təcrübə qazandıracağını bildirib.