BAKI, AzerVoice, Orxan Qədirzadə
Səmimi qarşılanma mərasimində qonaqları QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.
AzerVoice Qərbi Azərbaycan icmasına istinadən xəbər verir ki, görüşdə İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Nəzarət-Təftiş Komissiyasının və Allahverdi İcmasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, professor Mahirə Hüseynova, Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Amasiya İcmasının sədri, akademik Abel Məhərrəmov, Nərimanov rayon nümayəndəliyinin və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev, tədqiqatçı-alim Səbuhi Hüseynov, Qadınlar Şurasının üzvü, ADPU-nun Filologiya fakültəsinin dekanı Könül Həsənova və mətbuat katibi Lamiyə Əhmədova İcmanı təmsil ediblər.
Tədbirdə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Fazil Mustafa, deputatlar Fariz İsmayılzadə, Anar İsgəndərov, Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev iştirak ediblər.
Söhbət zamanı qonaqlar ali din rəhbərinə təqdim olunub.
Şeyxülislam Hacı Allahşükür Paşazadə Ulu Öndərlə bağlı xatirələrini bölüşərək bildirib ki, Qərbi Azərbaycan məsələsi həm də dini-mənəvi irsimizin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir və dini dəyərlərimizə hörmət prinsipi baxımından bu məsələdə baş verənlər qəbuledilməzdir. O, erməni kilsəsinin barışdırıcı mövqe sərgiləmək əvəzinə dini dəyərlərə zidd addımlar atmasını qətiyyətlə pisləyib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli isə çıxışında Qərbi Azərbaycanda mövcud olmuş dini məbədlərimizin və qəbiristanlıqlarımızın dağıdılmasının təkcə maddi-mədəni irsə deyil, bütövlükdə bəşəri dəyərlərə və insanlığa qarşı yönəlmiş təhlükə olduğunu diqqətə çatdırıb.
Görüş QMİ-nin akt zalında keçirilən konfransla davam edib.