BAKI,AzerVoice
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
AzerVoice xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşlar “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin edilməsi, dini icmanın fəaliyyəti, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.