BAKI, AzerVoice, Nailə Babazadə
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri Türkiyə Respublikasının Ankara şəhərinə səfər ediblər. Səfər çərçivəsində nümayəndələr Türkiyə Rəqabət Qurumu ilə birgə keçirilmiş təcrübə mübadiləsi proqramında iştirak ediblər.
AzerVoice xəbər verir ki, proqram çərçivəsində tərəflər arasında rəqabət siyasəti, müvafiq sahədə qanunvericiliyin tətbiqi və araşdırma metodları üzrə praktiki biliklər paylaşılıb, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşlər zamanı Türkiyə Rəqabət Qurumu tərəfindən ölkədə rəqabət siyasətinin təşviqi sahəsində həyata keçirilən tədbirlər, tətbiq olunan hüquqi və institusional mexanizmlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, tərəflər arasında rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması və bu istiqamətdə aparılan işlərə dair nəzəri və praktiki yanaşmalar paylaşılıb.
Agentlik nümayəndələri Türkiyə Rəqabət Qurumu tərəfindən təşkil edilən və müxtəlif təsərrüfat subyektlərinin iştirakı ilə keçirilən görüşlərdə də iştirak edərək, rəqabət pozuntularının araşdırılması ilə bağlı müzakirələri yaxından izləyiblər.
Tədbirlər çərçivəsində, həmçinin Azərbaycanda qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Rəqabət Məcəlləsində nəzərdə tutulan tənzimləyici müddəalar, eləcə də inhisarçılıq və haqsız rəqabətlə mübarizə istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə qarşı tərəfə məlumat verilib.
Sonda hər iki qurum arasında kadr potensialının gücləndirilməsi, rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi və davamlı əməkdaşlıq mexanizmlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.