Bakı. AzerVoice
Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək.
AzerVoice xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında və “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış avtomatlaşdırılmış sistemində (bundan sonra İAMAS) olan məlumatlardan ibarət olacaq.
Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, yaşayış yeri, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstəriləcək həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.
Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil ediləcək:
vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya
nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin
şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə
uyğun fotoşəkli;
vəətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və
(və ya) adı;
vətəndaşın əl-barmaq izləri;
şəxsiyyət vəsiqəsini verən orqanın adı;
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də
nəzərdə tutulduğu halda digər məlumatlar.
Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq
dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən
məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə
mühafizə olunaraq saxlanılacaq:
vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi və hərbi
vəzifəsi;
vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın
qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə
məlumatları;
vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən
soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstəriləcək);
vətəndaşın uşaqlarının soyadı, adı, doğum tarixi və cinsi.
Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə,
şəxsiyyət vəsiqəninin elektron daşıyıcısına və müvafiq dövlət
informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən vəzifəli şəxs
onların düzgünlüyünə görə cavabdeh olacaq.
Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.
Həmçinin vətəndaşın yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsi dəyişdiriləcək.
Bundan əlavə, şəxsiyyət vəsiqəsinin müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında səhv müəyyənləşdirildikdə səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdiriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.