BAKI,AzerVoice, Fərid Mikayılov
Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dil Qurumunun (TDQ) birgə təşkilatçılığı ilə ənənəyə çevrilmiş “Dildə, Fikirdə, İşdə Birlik Türk Dünyası Ədəbiyyat Mükafatları” bu il 26 sentyabrda sahiblərinə təqdim ediləcək.
AzerVoice xəbər verir ki, mərasim Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun Bilkənt kampusunda təşkil olunacaq.
Tədbirə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sədrlik edəcək. Açılış çıxışlarını Binəli Yıldırım, qurumun rəhbəri professor Dərya Örs və Türk Dil Qurumunun sədri professor Osman Mert edəcəklər.
2022-ci ildən keçirilən mükafatların məqsədi türk dünyasını ədəbiyyat vasitəsilə bir araya gətirmək, ortaq dəyərləri qorumaq və inkişaf etdirməkdir. İsmayıl Qaspıralının “Dildə, Fikirdə, İşdə Birlik” ideyası çərçivəsində TDQ türk dillərinin inkişafı, qorunması və “Ortaq Türk əlifbası”nın tətbiqi istiqamətində geniş fəaliyyət aparır.
Bu ilki “Türk Dünyası Ədəbiyyat (Uşaq Ədəbiyyatı) Mükafatları” aşağıdakı yazıçı və alimlərə təqdim ediləcək:
- Azərbaycan – professor Zahid Xəlil
- Qazaxıstan – Saule Dosjan
- Qırğızıstan – professor Sulayman Rısbayev
- Şimali Kipr Türk Cümhuriyyəti – Şirin Zəfəriyıldızı Zaimoğlu
- Özbəkistan – Miraziz Azam