Əsas səhifə » “Mediasiya haqqında” Qanunda edilən son dəyişikliklər: Mediasiya sistemində hüquqi təkmilləşməyə doğru mühüm addım

“Mediasiya haqqında” Qanunda edilən son dəyişikliklər: Mediasiya sistemində hüquqi təkmilləşməyə doğru mühüm addım

BAKI,AzerVoice

2025-ci il 22 may tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq qanunla qüvvəyə minmiş və mediasiya institutunun hüquqi əsaslarını daha da möhkəmləndirməyə xidmət edir.

Quba 1 saylı Mediasiya Təşkilatı olaraq hesab edirik ki, bu dəyişikliklər mediasiya sisteminin səmərəliliyinin artırılması, proseslərin daha şəffaf, effektiv və hüquqi cəhətdən dayanıqlı şəkildə həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Dəyişikliklərin əsas istiqamətləri :

1. Mediator ola bilməyəcək şəxslərin dairəsi genişləndirilib
Yeni dəyişikliklərə əsasən, aşağıdakı şəxslər mediator kimi fəaliyyət göstərə bilməz:

Din xadimləri;

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;

Məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

Dövlət qulluqçusu vəzifəsində ikən və ya hərbi xidmət zamanı yol verdiyi kobud pozuntulara görə son üç il ərzində vəzifədən azad edilən və ya hərbi rütbədən məhrum edilən şəxslər;

Hüquq-mühafizə orqanlarından intizam tənbehi ilə xaric edilmiş şəxslər;

Hakimlik, vəkillik, notariat fəaliyyəti və dövlət qulluğuna dair hüquqları intizam qaydasında ləğv olunmuş şəxslər.

Bu dəyişikliklər mediator peşəsinə olan etimadı artırmaqla yanaşı, bu fəaliyyətin ictimai əhəmiyyətini və peşəkar standartlara uyğunluğunu təmin etməyə yönəlib.

2. Mediasiya prosesinin başlanma anı dəqiqləşdirilib
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, mediasiya prosesi aşağıdakı hallardan biri baş verdikdə başlanmış hesab edilir:

Tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” imzalandıqda;

Və ya tərəflərdən biri və ya hər ikisi ilkin mediasiya sessiyasında iştirak etdikdə.

Bu dəqiqləşdirmə hüquqi qeyri-müəyyənliklərin qarşısını almaqla yanaşı, tərəflər və mediator arasında məsuliyyət bölgüsünü də daha aydın edir.

3. Mediasiya təşkilatının təyini qaydası sadələşdirilib
Əgər tərəflər mediator və ya mediasiya təşkilatı barəsində razılığa gələ bilməzlərsə və bunu 7 gün ərzində müəyyən etməzlərsə, mediasiya prosesi mübahisənin aid olduğu məhkəmə ilə eyni ərazidə yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Əgər bu ərazidə belə təşkilat yoxdursa, Mediasiya Şurası ən yaxın ərazidə yerləşən uyğun təşkilatı müəyyən edir.

Bu yenilik praktikada mediasiya prosesinin başlanmasında baş verə biləcək ləngimələrin qarşısını almağa kömək edəcək.

4. Mediasiya prosesinə xitam verilməsi halları müəyyənləşdirilib
Əgər mediator tərəflərə ilkin sessiya barədə yazılı bildiriş təqdim etdikdən sonra tərəflər və ya tərəflərdən biri həmin sessiyada iştirak etməz və ya yazılı şəkildə iştirakdan imtina edərsə, mediasiya prosesinə xitam verilir. Bu müddəa mediasiyanın formal deyil, real iştirak və razılıq üzərində qurulmasının vacibliyini bir daha vurğulayır.

5. Müəyyən mübahisə sahələrində sertifikat tələbi tətbiq olunub
Ailə münasibətləri və əmək hüquqlarından irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar müvafiq təlim kursunu keçməli və sertifikat əldə etməlidirlər. Bu tələbin məqsədi bu sahələrdə mediatorların xüsusi bilik və yanaşma bacarıqlarına malik olmasını təmin etməkdir.

Quba 1 saylı Mediasiya Təşkilatının mövqeyi

Quba 1 saylı Mediasiya Təşkilatı olaraq bildiririk ki, “Mediasiya haqqında” Qanunda edilən bu dəyişikliklər ölkəmizdə mediasiya institutunun inkişafına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və ictimai etimadın möhkəmləndirilməsinə xidmət edir. Biz də öz fəaliyyətimizdə bu dəyişikliklərin tələblərinə tam uyğun olaraq, vətəndaşlara daha keyfiyyətli, şəffaf və səmərəli mediasiya xidməti təqdim etməyə davam edəcəyik.

Quba 1 saylı Mediasiya Təşkilatı
Tel.: +994 77 450.77.44

+994 77 250.77.44
Email: [email protected]
Sosial media: Facebook - https://www.facebook.com/profile.php?id=61569054397054

Digər Kateqoriyalar

2025 © Azervoice