Əsas səhifə » Düşüncə Deqradasiyası və Mühafizəkar Camiaların Məsuliyyəti

Düşüncə Deqradasiyası və Mühafizəkar Camiaların Məsuliyyəti

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Düşüncələrin, arzuların kiçilməsi... Bu yazını xüsusilə özünü dindar, mühafizəkar hesab edən insanlar üçün yazıram. Düşüncə metodları baxımından yanaşaraq, bir mühüm Quran ayəsi ilə başlamaq istəyirəm:

"(İsrail oğulları) dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Sən və Rəbbin gedin, vuruşun! Biz burada oturacağıq”." (Maidə surəsi, 24-cü ayə)

Bugünkü müsəlman dünyasına və mühafizəkar camialara baxdıqda aydın görünür ki, dəyərlər və hədəflər sahəsində bir deqradasiya, bir çöküş yaşanır. Müsəlmanlar bir çox məsələyə Quran məntiqi ilə baxmır, fikir istehsalında Quranı başlıca düşüncə mərkəzi kimi görmürlər. Halbuki, Quran təkcə səsli oxunub həzz alınacaq bir kitab deyil. O, yol göstərən, düşüncə sistemini formalaşdıran və istiqamət verən bir ilahi mənbədir.

Bugün müsəlman cəmiyyətlərinin mühüm problemlərindən biri dünyavi nailiyyətlər qarşısında, xüsusən də Qərb dünyasına münasibətdə bir aşağılıq kompleksidir. Niyə? Çünki müvəffəqiyyətin əsaslarını Qərb düşüncəsinə, xüsusilə də Fransız inqilabından sonrakı sekulyar düşüncə modelinə əsasən müəyyən edirlər. Bu düşüncədə əsas məqsəd uğurdur – onun hansı yolla əldə edildiyi isə əhəmiyyət daşımır. Hər şey bir əmtəə ola bilər, gəlir gətirə bilər, yetər ki, onu satmağa mənəvi bir maneə olmasın.

Lakin Quranın insana verdiyi məntiq tam fərqlidir:

“Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilirlər, axirətdən isə xəbərsizdirlər.” (Rum surəsi, 7-ci ayə)

Quran məntiqinə görə, uğur ancaq mənəvi prinsiplər pozulmadan, insanların haqları tapdanmadan, zəhmət çəkilərək, insanilik qorunaraq əldə edilə bilər. Üstəlik, uğurun iki tərəfi var: dünya və axirət.

Bütün bunları niyə yazıram? Çünki müsəlman cəmiyyətləri həqiqi inkişaf istəyirlərsə, ilk növbədə Quran məntiqi ilə düşünən və fikir sistemləri quran intellektual nəsil yetişdirməlidirlər. Əlbəttə, ümumbəşəri uğur nümunələrindən öyrənmək lazımdır – bunu mən də zaman-zaman edirəm. Lakin müasir kapitalist düşüncənin uğur anlayışı bu gün bir çox dindar insanı mənəvi olaraq məhv edir.

Bu yazını təkcə dindarlar deyil, dindar olmayanlar da oxuyacaq. Amma xüsusilə mühafizəkar və dindar insanların cəmiyyət qarşısında həm mənəvi, həm insani, həm də intellektual missiyası var. Məsələ təkcə daha çox əmtəə qazanmaq deyil. Əsas olan əldə edilənlərin düzgün istifadəsi, qənaət anlayışı, sadəlik, azla xoşbəxt ola bilmə şüurudur. Daha çox qazandıqda isə, Qarun kimi məhv olmaqdan qorxmaq lazımdır. Məhz bu, Quranın müsəlman camialara verdiyi məntiqdir.

Amma bu gün mən mühafizəkar insanlarla söhbət edərkən görürəm ki, bir çoxunun düşüncəsi deqradasiyaya uğrayıb. Arzular o qədər bəsitləşib ki, bəzən düşünürəm: aclıqdan qarnına daş bağlamış bir Rəsul (s.a.s) bu gün gəlsəydi, biz ona iman edib onun vəd etdiklərinə inanardıqmı?

Bu gün Quranın məntiqini məişətdən tutmuş cəmiyyətin mənəvi vəzifələrinə qədər hər şeydən çıxarmış böyük bir kütlə var. İnanılması lazım olana deyil, inanmaq istədiyinə inanan bir kütlə... Belə bir toplum nə yeni dəyərlər istehsal edə bilər, nə də öz mənəvi vəzifəsini yerinə yetirə bilər.

Əgər bir müsəlman iş adamıdırsa, Quranın prinsipləri ilə yaşamırsa, o, kapitalist sistemin içində əriməyə məhkumdur. Eyni şey müəllim, həkim və digər peşə sahibləri üçün də keçərlidir.

Çox hörmət etdiyim bir boks məşqçisi var. Onun necə çalışdığına, necə əziyyət çəkdiyinə baxıram – tələbələrinin uğur qazanması üçün əlindən gələni edir. Hədəfi böyükdür, arzuları yüksəkdir. Bu, onun missiyasına sədaqətini göstərir.

Eyni şey cəmiyyət qarşısında məsuliyyət daşıyan mühafizəkar və dindar insanlar üçün də keçərlidir. Onlar da öz ictimai və mənəvi vəzifələrinə eyni sədaqət və fədakarlıqla yanaşmalıdırlar.

Bu gün yüksəliş xəttini Quran məntiqi ilə düşünməli olduğumuz halda, çoxlarımız bu məsuliyyəti dərk etmirik. Amma unutmayaq: böyük düşünmədən böyük nəticələr əldə edilə bilməz!

Digər Kateqoriyalar

2025 © Azervoice