Bakı, AzerVoice
Noyabrın 6-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Lyu Suesinlə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, qonağı salamlayan Baş prokuror dövlətlər arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edərək, müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin
tarixi əhəmiyyətini vurğulayan Kamran Əliyev, noyabrın 15-də Baş
Prokurorluq tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq
mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli
plenar iclasın təşkil olunacağı barədə qonağa məlumat verib.
Lyu Suesin səmimi qəbula görə minnətdarlığını ifadə edərək
korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən
islahatları yüksək qiymətləndirib, bu sahədə prokurorluğun rolunu
xüsusilə qeyd edib. Qonaq Azərbaycan Respublikasının Çinin ərazi
bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəklədiyini
vurğulayaraq təşəkkürünü bildirib.
Daha sonra tərəflər qurumlar arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə fikir mübadiləsi aparıblar.